...

Regionun təhlükəsizliyinin təminatında yeni format

Siyasət Materials 19 Avqust 2014 13:32 (UTC +04:00)

Elçin Mehdiyev - Trend-in icmalçısı

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Naxçıvan Muxtar Respublikasındakı görüşünü və görüş zamanı qəbul edilən bir sıra mühüm qərarları bölgədə təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan çox əhəmiyyətli bir addım hesab etmək olar.

Xüsusən də cəbhə bölgəsində yaşanan son gərginliklərin regionun təhlükəsizliyinə təhdidlər törətməsi fonunda belə bir görüşün baş tutması mühüm əhəmiyyət kəsb edir.

Görüşdə neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin keçirilməsi barədə də qərarın qəbul edilməsi bu görüşün təkcə görüşdə iştirak edən üç ölkə üçün deyil, ümumilikdə bütün region, o cümlədən Avropa üçün vacib olmasını deməyə əsas verir.

Bəllidir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi yer tutur və bu baxımdan neft və qaz boru kəmərlərinin mühafizəsinin daha da gücləndirilməsi Azərbaycan qədər də Avropanın maraqları dairəsindədir.

Bu baxımdan müdafiə nazirlərinin yeni formatda görüşü və bu formatın davam etdirilməsi barədə qərarın verilməsi Azərbaycanın həm beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqeyini gücləndirəcək.

Bundan əlavə, məlumdur ki, görüşdə üç ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, birgə seminar və konfransların təşkil edilməsi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, əməkdaşlıq sahələrinin genişləndirilməsi üçün üç ölkə mütəxəssislərinin ekspert görüşlərinin təşkil edilməsi məqsədəuyğun hesab olunub.

Bütün bunlar onu deməyə əsas verir ki, regionun təhlükəsizliyinin təmin edilməsi istiqamətində yeni və daha bir güclü bir format yaranmaqdadır. Təbii ki, yuxarıda sadalanan sahələrdə əməkdaşlıq hər üç ölkənin hərbi gücünü, ordu peşəkarlığını, hərbi-texniki potensialını daha da artıracaq, regiona təsir etməyə çalışan xarici güclərin imkanlarını xeyli məhdudlaşdıracaq.

Bu görüş, eyni zamanda, regionun təhlükəsizliyinə təhdid yaratmaqda davam edən Ermənistana və onun havadarlarına ciddi bir mesajdır.

Cəbhədəki son təxribatlar zamanı Azəbryacan Ordusunun gücünü hiss edən Ermənistan artıq oturub dərindən düşünməlidir, bu proseslərin onun üçün heç də yaxşı gələcək vəd etmədiyini anlamalı və Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv bir mövqeyə gəlməlidir. Əks halda, onsuz da dağılmaqda olan, xaricdən gələn ianələr hesabına yaşayan Ermənistanın dövlət kimi mövcudluğu şübhə altında olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti