Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/
Azərbaycanda dini baxımdan hansısa bir münaqişə, antaqonizm görmürəm. Trend-in məlumatına görə, bu barədə Avropa Şurası baş katibinin müavini Qabriela Battani-Draqoni Bakıda keçirilən "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda keçirilən 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü çərçivəsində mətbuat konfransı zaman deyib.
Q.Draqoni vurğulayıb ki, əfsuslar olsun ki, Avropanın bir sıra ölkələrində antisemitizm, islamafobiya, dözümsüzlük halları çoxalmaqdadır. O bildirib ki, iqtisadi böhrandan sonra Avropada sosial problemlər ortaya çıxıb, insanlar arasında ünsiyyət zərbə altındadır və bir-biri ilə ünsiyyətdə olmayan dinlər arasında ziddiyyətlər artmaqdadır.
AŞ baş katibinin müavini qeyd edib ki, Azərbaycanda əsrlər boyu buddistlər, katoliklər, yəhudilər, müsəlmanlar ticarət edib və ticari münasibətlər əsasında birgə yaşamaq və bir-birilərinə hörmət etmək ənənələrinə yiyələniblər.
Q.Draqoni əlavə edib ki, Azərbaycan coğrafi baxımdan Şimal və Cənub, Qərb və Şərq arasında yerləşən bir ölkədir və bu baxımdan burada dini müxtəliflik cəmiyyətin ayrılmaz xüsusiyyətdir.
Q.Draqoni Azərbaycan hakimiyyətinin bugünkü tədbirin keçirilməsi ilə bağlı təşəbbüsünü Avropa Şurası adından yüksək qiymətləndirib. O vurğulayıb ki, bu konfrans artıq daha geniş bir prosesin tərkib hissəsidir.
Avropa Şurası baş katibinin müavini bildirib ki, Azərbaycanda 2008-ci ildən dinlərarası və mədəniyyətlərarası forumlar keçirilir və bu forumlar qlobal əhəmiyyət daşıyır.
Avropa Şurası Nazirlər Komitəsinin Təhsil, mədəniyyət, idman, gənclər və ətraf mühit üzrə Məruzəçi Qrupunun sədri, Portuqaliyanın Avropa Şurasındakı daimi nümayəndəsi səfir Luis Felipe Kastro Mendeş isə bildirib ki, Azərbaycan bu tədbirin keçirilməsi ilə əlaqədər götürdüyü öhdəlikləri yerinə yetirməkdədir.
O bildirib ki, dünyada baş verən müasir prosesləri nəzərə alaraq başa düşmək olar ki, dinlərarası dialoq mühüm əhəmiyyətə malikdir: "Avropa Şurası isə insan haqlarının mdafiəçisi kimi bu proseslərin önündə olmalıdır".
F.Mendeş əlavə edib ki, dözümsüzlüyə qarşı mübarizə həm cəmiyyət həyatının fundamental əsasıdır, həm də dünyada sabitliyə, sülhə töhfə verən amildir. O vurğulayıb ki, Avropanın bir sıra ölkələrində antisemitizm və islamafobia artmaqdadır, digər ölkələrdə isə dindən adət-ənələrə uyğun olmayan tərzdə sui-istifadə edilməkdədir.