...

Yavər Camalov: ADEX 2014 dost və qardaş ölkələrlə əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcək (FOTO 3)

Siyasət Materials 11 Sentyabr 2014 10:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İlkin İzzət/

ADEX 2014 sərgisi dost və qardaş ölkələrlə əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcək. Trend xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov Baku Expo Mərkəzində 1-ci Azərbaycan "Medafiə sənayesi" sərgisinin (ADEX 2014) açılış mərasimində bildirib.

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda güclü müdafiə sənayesi yaradılıb.

Onun sözlərinə görə, Azərbaycanın güclü hərbi potensialı formalaşıb: "Azərbaycanın hərbi qüdrəti durmadan artır, Azərbaycan Ordusu döyüş qabiliyyəti, silah-sursat, təchizat baxımından Cənubi Qafqazın ən güclü ordusuna çevrilib".

Y.Camalov deyib ki, Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad etmək də daxil olmaqla, qarşıya qoyulan bütün vəzifələri yerinə yetirəcək.

Nazir əlavə edib ki, bu sərgidə 34 ölkədən 200-dən çox şirkət iştirak edir: "Bu, onu göstərir ki, 2005-ci ildən fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyi hərbi-texniki əməkdaşlıq sahəsində böyük uğurlar qazanıb".

Y.Camalov sərginin keçirildiyi müddətdə də tərəfdaş ölkələrin sayının daha da artacağına ümidini ifadə edib: "Bu gün hərbi texnika, döyüş sursatları istehsal edən müəssisələrimizin sayı artıb. Müəssisələrimiz dünya standartlarına uyğun, rəqabətədavamlı məhsullar istehsal edir. Müdafiə Sənayesi Nazirliyi dost və qardaş ölkələri əməkdaşlığa dəvət edir. Ümid edirəm ki, sərgi bu əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcək".

Qeyd edək ki, bu gün Bakı Ekspo Mərkəzində Azərbaycanda və regionda ilk dəfə olaraq I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ADEX-2014) açılıb.

Müdafiə Sənayesi Nazirliyinin rəsmi təşəbbüsü və dəstəyi ilə təşkil olunan sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edir.

Sərginin təşkilati tərəfdaşları "İteca Caspian" və "Caspian Event Organisers" şirkətləridir. Sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukrayanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirəcəklər. Azərbaycan, Türkiyə (37 şirkət), Polşa (16 şirkət), İsrail (16 şirkət) və Belarus (10 şirkət) öz irimiqyaslı ekspozisiyaları ilə fərqlənir. Sərginin platin sponsoru Niderland Krallığının "Damen Shipyards Group" gəmiqayırma şirkətdir. Sərginin qızıl sponsoru qismində isə Türkiyənin "Roketsan" şirkəti çıxış edir.

Sərgidə ən yeni nailiyyətlər 6 tematik istiqamət üzrə təqdim olunur. Bura quru qoşunları və hərbi-dəniz qüvvələrinin silah və texnikaları, aviasiya və aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı vasitələr və əmlak, informasiya texnologiyaları, rabitə sistemləri, ordunun inzibati və texniki təminatı və kosmik texnologiyalar daxildir.

Sərgi sentyabrın 13-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti