Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İlkin İzzət/
"Türkiyə Azərbaycanla həmişə yüksək səviyyədə əməkdaşlıq etməyə hazırdır ki, regionda sülhə nail olunsun". Trend xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayesi müstəşarı İsmail Demir "ADEX 2014" I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Bakıda "Müasir müharibə metodları və təhlükəsizlik çağırışları" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
Müstəşarın sözlərinə görə, "soyuq müharibə"dən sonra ölkələr müasir silah-sursatdan ibarət hərbi komplekslərini yaratmağa, hər bir ölkə müstəqil şəkildə müdafiə sənayesi formalaşdırmağa çalışır: "Çünki çətin, həlledici anlarda ölkələr bir-birilərinə inana bilmirlər. Müdafiə sənayesi güclü olmayan ölkələr isə böhran anlarında ciddi çətinliklərlə üzləşəcək".
İ.Demir qeyd edib ki, Türkiyədə hava qüvvələri, donanma, quru qoşunları sahəsində daha çox inkişaf platformaları yaradılıb, yeni məhsullar istehsal edilir, həmçinin elmi-tədqiqat sahələri inkişaf edir: "Türkiyə Cənubi Qafqazda Azərbaycan və Gürcüstanla sıx əməkdaşlıq edir ki, bu da sonda kollektiv müdafiə təşəbbüslərinin ortaya çıxmasına səbəb olub. Türkiyə və Azərbaycan arasında yüksək səviyyədə əməkdaşlıq yaranıb. Türkiyə Azərbaycanla həmişə yüksək səviyyədə əməkdaşlıq etməyə hazırdır ki, regionda sülhə nail olunsun".