Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir Seymur Əliyev/
"Cənub Qaz Dəhlizi"nin Azərbaycan üçün böyük faydası var. Çünki bizə imkan verəcək ki, öz qaz resurslarımızı dünya bazarlarına çıxaraq və beləliklə, əlavə gəlir əldə edək. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Səngəçal terminalında "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
İlham Əliyev bildirib ki, bu layihə tranzit ölkələr üçün əlavə imkanlar yaradır: "Qazı alan, yəni istehlak edən ölkələr üçün alternativ, yeni qaz mənbəyi təmin edilir. Hazırda dünyada, xüsusilə Avropada enerji təhlükəsizliyi, enerji resurslarının şaxələndirilməsi məsələlərinə çox böyük önəm verilir. Azərbaycan burada öz rolunu oynayır".
Azərbaycan Prezidenti "Cənub Qaz Dəhlizi"ni "Əsrin layihəsi" adlandırıb və deyib ki, bu layihə ən azı 100 il ərzində hamımıza fayda gətirəcək.
Dövlət başçısı qeyd edib ki, Enerji İpək Yolu, Dəmiryol İpək Yolu - Bakı-Tbilisi-Qars dəmir yolu tikilir: "Deyə bilərəm ki, 20 il əvvəl Azərbaycanın təşəbbüsü ilə başlanılan bizim enerji siyasətimiz bu reallıqlara gətirib çıxarmışdır. Çünki bu gün - 20 sentyabr bizim üçün, o cümlədən ona görə tarixi gündür ki, düz 20 il öncə xarici petrol şirkətləri ilə Azərbaycan "Əsrin müqaviləsi"ni bağladı və bir dəhliz müəyyən edildi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi Ərzurum neft-qaz kəmərlərinin tikintisi bugünkü reallıqlarımızı təmin etdi. Əgər o vaxt bu addımlar atılmasaydı, bu gün bu mərasim də olmazdı. Ona görə də biz bu gün enerji siyasətimizin yeni mərhələsinə qədəm qoyuruq. Burada Azərbaycan, bizim qonşularımız, Avropa ölkələri bir komanda şəklində çalışacaqlar. Burada uduzan tərəf yoxdur. Hər kəs qalib gələcək".
Prezident İlham Əliyev: "Cənub Qaz Dəhlizi" layihəsi tranzit ölkələr üçün əlavə imkanlar yaradır
"Cənub Qaz Dəhlizi"nin Azərbaycan üçün böyük faydası var. Çünki bizə imkan verəcək ki, öz qaz resurslarımızı dünya bazarlarına çıxaraq və beləliklə, əlavə gəlir əldə edək.