...

Milli Məclisdən Avropa Parlamentinə tutarlı "şillə"

Siyasət Materials 30 Sentyabr 2014 13:37 (UTC +04:00)
Avropa parlamentarizmi çökməkdədir.
Milli Məclisdən Avropa Parlamentinə tutarlı "şillə"

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/

Avropa parlamentarizmi çökməkdədir. Trend xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin payız sessiyasının bu gün keçirilən ilk iclasında Avropa Parlamentinin qətnaməsinə münasibət bildirərkən deyib.

Ə.Hüseynli bildirib ki, o, Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığının bu səviyyəyə çatmasından təəssüf hissi keçirir: "Bir tərəfdən Avropa İttifaqının üzvü olan ölkələrlə sazişlər imzalandığı halda, digər tərəfdən 2 sahədə əməkdaşlıq etdiyimiz Avropa Parlamenti belə bir qətnamə qəbul edir. Bu, Avropa parlamentarizminin çökməsini göstərir".

Onun fikrincə, adətən belə qətnamələrin arxasında ya erməni lobbisi, ya da Qərbdəki qüvvələr dayanır: "Təəssüf ki, biz AVRONEST-də işə tamamilə fərqli şərtlərlə başlamışdıq. Avropa İttifaqı Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə adekvat cavablar verə bilmir".

Deputat Siyavuş Novruzov kimi Əli Hüseynli də QHT-lər haqqında qanunvericiliyin sərtləşdirilməsinin tərəfdarı olduğunu açıqlayıb: "Belə çıxır ki, Qərb o QHT-ləri dəstəkləyir ki, onlar barışıq adı altında ermənilərin maraqlarına xidmət edirlər".

Millət vəkili Zahid Oruc deyib ki, Avropa Parlamenti müxtəlif qrupların əlində təsir üçün bir çubuqdur: "Onlar hesab edirdilər ki, Azərbaycan NABUKKO layihəsində öndə olacaq, Ukrayna məsələsində Rusiyaya qarşı çıxacaq, onların təsir dairəsinə düşəcək. Lakin bu, alınmadı".

Z.Oruc qeyd edib ki, Ukraynanın başına bəla açan da elə həmin Avropa Parlamentidir: "Ermənistana qarşı heç bir tədbirlər görülmür, ancaq Rusiyaya qarşı qətnamələr qəbul edilir, yaxud Azərbaycanla bağlı 1 milyon qaçqının haqqı 1 nəfərə qurban verilir".

Deputat Fəzail Ağamalı da Azərbaycanı AVRONEST-dən çıxmağa çağırıb: "Hansı beynəlxalq təşkilat Azərbaycanla normal münasibət qurmaq arzusundadırsa, o təşkilatlarla əməkdaşlığımızı davam etdirməliyik. Avropa Parlamenti Azərbaycana qarşı davamlı şəkildə qərəzli, böhtan kampaniyası aparır. Mən təklif edirəm ki, Azərbaycan AVRONEST-dən çıxdığını bəyan etsin. Ona görə də bəyanatla kifayətlənməyək. Ancaq Avropa İttifaqı ilə əməkdaşlığımızı davam etdirə bilərik".

Millət vəkili, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib ki, "Şərq Tərəfdaşlığı" proqramı öz imicini ciddi şəkildə zədələyib, AVRONEST-ə olan inam və etimad iflasa uğrayıb: "Bu, Avropa Parlamentinin qərəzli mövqeyinin nəticəsidir. Avropa Parlamentinin qətnaməsi də qərəzli münasibətin nümunəsidir".

O, beynəlxalq qurumların əlində alətə çevrilən QHT-lərə də müraciət edib: "Həmin QHT-ləri siyahıya salmaqla onların durumunu daha da çətinləşdirirlər. Bir neçə gün əvvəl Emil Məmmədovun məsələsinə baxıldı və şərti cəza ilə azadlığa buraxıldı. QHT-lər bilsin ki, onların problemini Azərbaycan dövləti həll edəcək".

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə Avropaya qarşı sərt çıxışlara etiraz edib və analoji münasibəti Rusiyaya qarşı sərgiləməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti