...

Azərbaycanda pensiya məbləği ilə ödənilən sığorta haqqının məbləği uyğunluq təşkil edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 4 Noyabr 2014 20:23
Prezident İlham Əliyev “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanda pensiya məbləği ilə ödənilən sığorta haqqının məbləği uyğunluq təşkil edəcək (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

Konsepsiyadan bəzi hissələr əlavə olunub (ilk xəbər saat 18:52-də yayılıb)

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Prezident İlham Əliyev "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısı Azərbaycan Respublikasında pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədi ilə qərara alır ki, "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası" təsdiq edilsin.

Nazirlər Kabinetinə tapşırılıb ki, bu sərəncamda qeyd olunan Konsepsiyanın yerinə yetirilməsinə nəzarəti həyata keçirsin və bu barədə mütəmadi olaraq Azərbaycan Prezidentinə məlumat versin; bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Konsepsiyada deyilir ki, Azərbaycanda pensiya təminatı üzrə aparılan islahatlar nəticəsində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya təminatı sistemi formalaşdırılıb. Bütövlükdə pensiyaların artımı mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması və pensiya məbləğlərinin indeksləşdirmə yolu ilə inflyasiyadan qorunması təmin edilib. Bununla yanaşı, uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədi ilə pensiya təminatı sisteminin maliyyə dayanıqlılığının möhkəmləndirilməsinə və sığorta prinsiplərinin daha da dərinləşdirilməsinə hədəflənən islahat tədbirlərinin davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunur ki, pensiya təminatı sistemində bir sıra həllini gözləyən problemlər aşağıdakılardır:

- pensiya təminatı sistemində hazırkı şərtlər daxilində uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığının olmaması;
- əmək pensiyasının baza hissəsinin növbəti mərhələdə tətbiqinin islahat tələblərinə uyğun olmaması;
- sosial sığorta haqqı normativinin strukturunun təkmilləşdirilməsinin zəruriliyi;
- pensiya təminatı sisteminin yığım potensialını zəiflədən faktorlar;
- pensiya təminatı sisteminin bir sıra göstəricilərinin tənzimlənməsində mövcud olan problemlər; - pensiya təminatı sisteminin inkişafı istiqamətlərinin çoxparametrli aktuar proqnozlara əsaslanan uzunmüddətli ekonometrik modellər əsasında təyin olunması zəruridir.

Konsepsiyada deyilir ki, pensiya təminatı sisteminin islahatının əsas məqsədləri aşağıdakılardır:

- pensiya təminatı sisteminin cari, ortamüddətli və uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunması;
- pensiya təminatının vətəndaşların sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməsi.

Pensiya təminatı sisteminin islahatının əsas vəzifələri isə aşağıdakılardır:

- pensiya təminatı sisteminin fəaliyyətində sığorta prinsiplərinin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırma mexanizmlərinin formalaşdırılması;
- pensiya təminatı sistemində təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi;
- pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması;
- sığorta prinsiplərinə uyğun olmayan ödəmələrin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən bir sıra öhdəliklərin dövlət öhdəliyi kimi fərqləndirilməsi;
- əmək pensiyalarının könüllü yığım komponentinin real praktikada tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və inkişaf etdirilməsi.

Konsepsiyanın həyata keçirilməsinin əsas istiqamətləri pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunması; əmək pensiyasının baza hissəsinin restrukturizasiyası; sığorta haqqı normativinin strukturunun təkmilləşdirilməsi; pensiya sisteminin ödəmə potensialının gücləndirilməsi; sığorta prinsiplərinə uyğun olmayan, yəni güzəştli və xüsusi şərtlərlə, habelə erkən pensiyaya çıxma hallarında pensiya məbləği ilə ödənilən sığorta haqqı arasında mütənasibliyin təmin edilməsi; pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması və əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsidir.

Qeyd olunur ki, bu Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrası pensiya təminatı sistemində aşağıdakı nəticələrə nail olmağa imkan verəcək:

- təyin olunan pensiya məbləği ilə ödənilən sığorta haqqının məbləği uyğunluq təşkil edəcək;
- pensiya təminatı sisteminin yığım potensialı güclənəcək;
- pensiya təminatı sistemi ilə bağlı qanunvericilikdə sığortaya dair prinsiplər təkmilləşdiriləcək;
- sosial sığorta haqqı normativinin strukturu təkmilləşdiriləcək;
- məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınanların sayı azalacaq;
- pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlər formalaşdırılacaq;
- pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti