...

Prezident İlham Əliyev: Əminəm ki, Azərbaycan qazı Avropaya vaxtında - 2018-2019-cu illərdə nəql ediləcək (FOTO)

Siyasət Materials 12 Noyabr 2014 05:04 (UTC +04:00)
“Keçirdiyimiz görüşlər, apardığımız fikir mübadiləsi bir daha onu göstərir ki, əlaqələrimiz, doğrudan da strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır"
Prezident İlham Əliyev: Əminəm ki, Azərbaycan qazı Avropaya vaxtında - 2018-2019-cu illərdə nəql ediləcək (FOTO)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/
"Keçirdiyimiz görüşlər, apardığımız fikir mübadiləsi bir daha onu göstərir ki, əlaqələrimiz, doğrudan da strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Eyni zamanda, bir daha qeyd etmək istəyirəm ki, Budapeştdə olmaq həmişə böyük sevincdir. Çünki Budapeşt dünyanın ən gözəl şəhərlərindən biridir. Sizin rəhbərliyinizlə və Budapeşt sakinlərinin istəyi ilə şəhər, tarixi keçmişiniz qorunur, bütün tarixi binalar bərpa edilir və bu, haqlı olaraq Sizə, ölkənizə, xalqınıza bizim etimadımızı, inamımızı və hörmətimizi artırır". Trend-in məlumatına görə, bunu noyabrın 11-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuata bəyanatla çıxışında deyib.

İlham Əliyev daha sonra deyib: "O ki qaldı bizim ikitərəfli münasibətlərimizə, biz bu əlaqələrin inkişafına böyük nikbinliklə baxırıq. Əminəm ki, gələcəkdə bu əlaqələr daha da sürətlə inkişaf edəcək. Bu gün imzalanan sazişlər də əslində bizim niyyətimizi göstərir. Onu göstərir ki, bizim əlaqələrimiz çoxşaxəlidir, müxtəlif sahələri - iqtisadi, siyasi, humanitar sahələri əhatə edir. Əlbəttə ki, bu sazişlərin arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə xüsusi yer tutur. Çünki bu, müfəssəl bir sənəddir, bizim gələcək illərdə birgə icra ediləcək layihələrimizin uğurla nəticələnəcəyini təmin edəcəkdir. Deyə bilərəm ki, strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasında mümkün olan sazişlər üçün də gözəl zəmindir. Çünki bu sənəddə əməkdaşlığımızın bütün istiqamətləri öz əksini tapıb. Əlbəttə, bu səviyyəyə çatmaq üçün siyasi əlaqələr prioritet xarakter daşıyır. Bu əlaqələr çox müsbətdir, gözəldir. Hörmətli cənab Baş nazir, Siz Azərbaycana iki dəfə səfər etmisiniz. Bu isə mənim Macarıstana üçüncü səfərimdir. Yəni, son bir neçə il ərzində bu qədər səfərlərin həyata keçirilməsi əlbəttə ki, əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir. Eyni zamanda, bu gözəl siyasi əlaqələr iqtisadi sahəyə də müsbət təsir göstərir. Birgə hökumətlərarası komissiya uğurla fəaliyyət göstərir. Bu gün imzalanan sazişlər və biznes forum çərçivəsində imzalanacaq sazişlər əlbəttə ki, ticarət dövriyyəmizin artmasına gətirib çıxaracaq. Halbuki bu ilin nəticələrinə görə ticarət dövriyyəmiz bir neçə dəfə artmışdır".
Prezident qeyd edib ki, biznes dairələrinin qarşılıqlı marağı kifayət qədər böyükdür: "Əlbəttə ki, gələcək illərdə birgə həyata keçiriləcək layihələr ticarət dövriyyəmizin artmasına gətirib çıxaracaq. Qarşılıqlı sərmayə qoyuluşu, informasiya-kommunikasiya sahəsində əməkdaşlıq, ticarət dövriyyəsinin artması, əlbəttə, energetika sektorundakı əməkdaşlıq - bütün bunlar bizim üçün prioritetdir. Eyni zamanda, şadam ki, Macarıstan şirkətləri Azərbaycan bazarında daha da fəal iştirak edirlər. Onların müxtəlif layihələrdə - inşaat, nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, su təchizatı və digər layihələrdə iştirakı gözlənilir. Bizim gözəl əlaqələrimiz var və bu əlaqələr əlbəttə, biznes qurumlarının birgə fəaliyyətinə ancaq müsbət təsir göstərəcək. O ki qaldı enerji məsələlərinə, burada bizim əməkdaşlığımız üçün çox gözəl imkanlar var".
Dövlət başçısı bildirib ki, Azərbaycan Avropa üçün yeni enerji mənbələrinin təmin edilməsində öz rolunu oynayır: "Azərbaycan "Cənub" qaz dəhlizinin təşəbbüskarıdır. Şadam ki, "Cənub" qaz dəhlizi artıq icra edilir. İki ay bundan əvvəl Bakıda təntənəli mərasim keçirilmişdir və biz artıq yeni qaz kəmərinin tikintisinə başlayırıq. Əslində bu, Avropanın enerji xəritəsinə yeni əlavələr edəcək. Əslində bu, enerji xəritəsi dəyişdiriləcək və Azərbaycanın çox zəngin qaz resursları Avropa bazarına nəql ediləcəkdir. Bizim "Cənub" qaz dəhlizi ilə bağlı konkret iş qrafikimiz var. Əminəm ki, Azərbaycan qazı Avropaya vaxtında - 2018-2019-cu illərdə nəql ediləcəkdir. Burada əlbəttə, əlaqələndirmə işləri yüksək səviyyədə aparılmalıdır. Həm ikitərəfli formatda, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasındakı məsələlər də öz həllini tapmalıdır. Çünki biz istəyirik ki, bu layihəni vaxtında icra edək. Çünki bu, həm bizə, həm də Avropaya lazımdır. Bu, Avropa üçün yeni, alternativ bir qaz mənbəyi olacaqdır. Bizim üçün isə Avropa bazarı ən əlverişli bazardır. Yəni, burada bizim maraqlarımız birləşir. Eyni zamanda, tranzit, istehlakçı ölkələrin və Azərbaycanın maraqları da burada üst-üstə düşür. Biz yaxın vaxtlarda bu məsələ ilə bağlı Macarıstan-Azərbaycan ikitərəfli formatında danışıqlara başlamaq qərarına gəldik. Əminəm ki, bu danışıqların gözəl nəticələri olacaqdır. Çünki biz istəyirik ki, çox böyük qaz resurslarımız Avropa ölkələrinə maksimum dərəcədə nəql edilsin. Əlbəttə, burada böyük investisiyadan söhbət gedir".
İlham Əliyevin sözlərinə görə, bu investisiyanın böyük hissəsini Azərbaycan öz üzərinə götürüb: "Cənub" qaz dəhlizinin ilkin hesablamaları belədir ki, minimum 45 milyard dollar sərmayə qoyulmalıdır. Əlbəttə, bu gün dünyada və Avropada, bizim bölgədə davam edən iqtisadi və maliyyə böhranı hələ ki, başa çatmayıb. Bu şəraitdə bu qədər vəsaitin qoyulması əlbəttə, bizim ciddi niyyətimizi və siyasi iradəmizi əks etdirir. Əlbəttə, enerji məsələləri çox vacibdir. Ancaq humanitar sahə də çox böyük önəm daşıyır. Fürsətdən istifadə edərək, cənab Baş nazir, Sizə minnətdaram ki, azərbaycanlı tələbələr üçün 200 təqaüd ayırmısınız. Macarıstan tərəfi bu təqaüdlərin təminatını təşkil edəcəkdir. Bu, bizə böyük dəstəkdir və bizə olan hörmətin əlamətidir. Eyni zamanda, azərbaycanlı tələbələr Macarıstanda oxuyarkən Sizin qədim tarixinizi daha da dərindən biləcəklər. Onlar bir növ Macarıstanın və Azərbaycanın səfirləri olacaqlar və öz gələcəklərini bundan sonra Macarıstanla bağlayacaqlar. Bu da insanlar arasındakı əlaqələrə çox müsbət təsir göstərir. Əlbəttə, biz çox istəyirik ki, Macarıstan ali məktəbləri Azərbaycanda filiallarını açsınlar. Bu məsələ də dünən və bu gün müzakirə edildi. Əminəm ki, biz birgə səylərlə buna da nail olacağıq. Digər məsələlər - turizm, aviareyslərin təşkili, bütün bunlar bizi daha da sıx birləşdirəcək. Ancaq bir daha demək istəyirəm ki, əlaqələrimizin təməlində güclü siyasi iradə var və hər iki tərəf bu iradəni göstərir. Əminəm ki, gələcəkdə biz daha da gözəl işlər görəcəyik. Fürsətdən istifadə edərək, cənab Baş nazir, Sizin üçün münasib olan vaxtda Sizi Azərbaycana dəvət edirəm ki, biz bu gözəl dialoqu davam etdirək. Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti