Azərbaycan, Bakı, 22 noyabr /Trend/
Noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işə başlayıb.
Trend-in məlumatına görə, iki gün davam edəcək tədbirin rəsmi açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.
Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası qarşıdakı dövrdə həllini gözləyən bir çox məsələlərin müzakirə olunması və həyata keçirilməsi baxımından mühüm tədbirdir. Avropa ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin, beynəlxalq idman qurumlarının rəhbərlərinin iştirak etdikləri Assambleyada "Olimpiya Oyunları", "Marketinq və rabitə", "İdman hamı üçün", "Olimpiya mədəniyyəti və irsi", "Tibb və antidopinq", "İdmanda gender bərabərliyi" və digər mövzularda hesabat məruzələri, o cümlədən ilk Avropa Oyunları barədə məlumat və "Bakı-2015" Əməliyyat Komitəsinin hesabatı da dinləniləcək. 2016-cı il Yay Olimpiya, XXIII Qış Olimpiya oyunlarına və Avropa Yeniyetmələrinin Olimpiya Festivalına hazırlıq işlərinin gedişi ilə bağlı hesabatlar da Assambleyanın gündəliyinə daxildir.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladılar.
Dövlətimizin başçısı və xanımı Avropa Olimpiya Komitəsinin rəhbər heyəti ilə görüşdülər.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax çıxış edərək deyib: "Uzun illərdir ki, sizinlə bir arada olmaqdan, Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının iclaslarında iştirak etməkdən məmnun olduğumu bir daha dilə gətirmək istəyirəm. Bir neçə həftə bundan əvvəl biz Banqkokda Milli Olimpiya komitələrinin iştirakı ilə Baş Assambleyanın illik toplantısını keçirdik. İndi isə Azərbaycanda görüşürük. Mən Azərbaycan Respublikasının Prezidentini və birinci xanımını bir daha salamlamaqdan məmnunam. Cənab Prezident, mən səmimi qəlbdən təbriklərimi Sizə çatdırmaq istəyirəm. Mən bu təbriklərlə Sizin ölkənizdə idmanın, təhsilin, təbii ki, Azərbaycan cəmiyyətinin inkişafına göstərdiyiniz diqqət və qayğını, verdiyiniz töhfələri təqdir edirəm. Zənnimcə, burada bütün tərəflər uğur qazanır. İdmana yatırılan sərmayə, sadəcə, infrastrukturun yaradılması ilə kifayətlənmir. Bu sərmayə, təbii ki, təhsilin də inkişafında mühüm rol oynayır. Sizin gördüyünüz işlər, töhfələriniz bütünlüklə cəmiyyətin inkişafına, təhsil sisteminin daha da təkmilləşməsinə, daha səmərəli olmasına müsbət təsir göstərməklə yanaşı, idmançıların beynəlxalq yarışlarda uğur qazanmalarına və dünya səviyyəsində Azərbaycanın imicinin möhkəmlənməsinə səbəb olur. Bütün bunların nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq yarışlarda çoxlu sayda medallar qazanırlar".
Tomas Bax deyib ki, gələn il Azərbaycanda ilk Avropa Oyunları keçiriləcək: "Burada gördüklərimizdən hamımız yekdilliklə belə bir qənaətə gələ bilərik ki, bu Oyunlar müvəffəqiyyətlə keçiriləcək. İlk Avropa Oyunları gələcək yarışlar üçün böyük bir uğur hekayəsi olacaq. Biz idmançıların, atletlərin Avropa Oyunlarında çox möhtəşəm nəticələr göstərəcəklərinə əminik.
Həmçinin biz Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk. Dünən biz öyrəndik ki, Avropa Oyunları ilə əlaqədar kifayət qədər zəngin mədəni tədbirlər proqramı da hazırlanıb və həyata keçiriləcək. Obrazlı şəkildə desək, bu da bizim hamımıza çox qeyri-adi, nadir bir zövq verəcək. Mən inanıram ki, idmanla mədəniyyət tədbirlərinin vəhdəti çox maraqlı olacaq. Bu maraqlı təşəbbüslərə və göstərdiyi səylərə görə xanım Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk.
Təbii ki, biz Baş Assambleyada bu yaxınlarda BMT tərəfindən qəbul olunmuş davamlı inkişaf məqsədlərinə dair qətnaməni də ətraflı müzakirə edəcəyik. Əlbəttə, Azərbaycanın, Azərbaycan hökumətinin idmanın yüksəlişinə dəstəyinin BMT-nin inkişaf məqsədlərinə daxil edilməsi ilə bağlı məsələlər də müzakirə olunacaq.
Cənab Prezident İlham Əliyev, göstərdiyiniz qətiyyətə, yüksək iradəyə və dünənki görüşümüzə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.
Avropa idmanına gəldikdə isə, biz artıq uğurlu bir ilin sonuna çatmışıq. Bildiyiniz kimi, ilin əvvəlində Soçidə çox mükəmməl Qış Olimpiya Oyunları keçirildi. Qeyd etməliyəm ki, Soçi Olimpiadası keyfiyyət baxımından əvvəlki Qış Olimpiya Oyunlarını üstələdi. Bundan sonra Braziliyada futbol üzrə Dünya çempionatı keçirildi. Amerika qitəsində keçirilən bu çempionatda Dünya Kubokunu, səhv etmirəmsə, Avropa komandası qazandı. Bayaqkı təbriklərinizə görə minnətdarlığımızı bildiririk".
O qeyd edib ki, idman aləmində uğurlarla zəngin olan daha bir ilimiz başa çatmaq üzrədir: "Biz qarşıdan gələn ildə keçiriləcək Avropa Oyunlarından da qələbələr gözləyirik.
Siz doğru qeyd etdiniz, gələn ilin birinci yarısında Avstriyada və Lixtenşteyndə Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı, ilk Avropa Oyunları isə məhz burada, Bakıda keçiriləcəkdir. Ondan sonra növbəti gənclər festivalı Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq. Gələn il də sözün əsl mənasında, gərgin qrafiki ilə seçiləcək bir idman ili olacaq. Ümidvaram ki, bu idman yarışları uğurla keçiriləcəkdir. İnanıram ki, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına idmançıları yüksək səviyyədə hazırlaşdıra biləcəksiniz. Çünki kifayət qədər vaxtınız var. Ümid edirəm ki, həmçinin "Olimpiya-2020"-nin proqramını da ərsəyə gətirə biləcəksiniz. Biz buna inanırıq. İki həftədən sonra Beynəlxalq Olimpiya Komitəsinin Monte-Karloda keçiriləcək fövqəladə iclasında "Olimpiya-2020"-nin proqramının təsdiq olunması gözlənilir. Beləliklə, bizim 43-cü Baş Assambleyada çox məhsuldar və çox maraqlı keçəcək müzakirələrdə sizin hamınıza uğurlar diləyirəm.
Ümid edirəm ki, bu il olduğu kimi, gələn il də idman yarışlarından kifayət qədər zövq alacaqsınız. Qarşıdan gələn 2015-ci ilin Avropa üçün çox uğurlu bir idman ili olacağına inanır və sizin hamınıza uğurlar diləyirəm.
Ölkənizdə idmanla, gənclərlə bağlı görəcəyiniz bütün işlərdə, irəli sürəcəyiniz təşəbbüslərdə sizin hamınıza bəri başdan uğurlar arzu edirəm".