...

Novruz Məmmədov: Prezident İlham Əliyevin Türkiyəyə səfəri çox möhtəşəm tarixi səfər idi (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 17 Yanvar 2015 13:56 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çox möhtəşəm bir tarixi səfər idi.
Novruz Məmmədov: Prezident İlham Əliyevin Türkiyəyə səfəri çox möhtəşəm tarixi səfər idi (ƏLAVƏ OLUNUB-2)

Son beş abzas əlavə olunub (ilk xəbər saat 12:31-də yayılıb)

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çox möhtəşəm bir tarixi səfər idi. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O, qeyd edib: "Möhtərəm Prezident İlham Əliyevin Türkiyəyə səfəri ilə bağlı onu deyə bilərəm ki, bu səfər çox möhtəşəm bir tarixi səfər idi. Hər şeydən əvvəl bu səfər yeni ildə Azərbaycan Prezidetinin ilk səfəri idi, özü də bu səfər dövlət səfəri oldu".

N.Məmmədovun sözlərinə görə, bu səfər həm forma, həm də məzmun etibarilə təkcə Azərbaycan-Türkiyə əlaqələri çərçivəsində deyil, beynəlxalq münasibətlərdə də özünə yer tutan bir səfər oldu: "Yəni bu səfər Prezidentin qarşılanma mərasimi, danışıqlar, onların məzmunu, əldə edilən nəticələr, qarşıya qoyulan məqsədlər baxımından və Azərbaycanla Türkiyə arasında əməkdaşlığın inkişaf perspektivlərinin 2020-ci ilə, hətta ondan sonra da müəyyən olunması istiqamətində çox mühüm bir addım oldu".

PA-nın Xarici əlaqələr şöbəsinin müdiri qeyd edib ki, bu səfər əslində Azərbaycanla Türkiyə arasında bizim müstəqilliyimiz dövründə gedən proseslərin bir tacı idi: "Burada çox məmnunluq doğuran elə odur ki, bu istiqamətdə ilk günlərdən indiyə qədər atılan addımlar, nəhayət, belə bir uğurlu zirvəyə gəlib çıxa bildi. Bunun da əsas səbəblərindən biri odur ki, belə bir əməkdaşlığın əsasını ulu öndər Heydər Əliyev qoyub. Düşünürəm ki, Heydər Əliyevin uzaqgörənliyinə heç kimin şübhəsi yoxdur. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidentinin bu səfəri cari ilin əvvəlində birinci səfər olsa da, Türkiyə tərəfi üçün də elə birinci səfər idi".

O vurğulayıb ki, Türkiyə Prezidenti Azərbaycan Prezidentini yeni sarayında qəbul elədi. Təkcə Türkiyə və Azərbaycanda yox, hətta Avropada və Qərbdə də bu prosesə çox diqqət yetirildi: "Əlbəttə, bunun da səbəbləri var. Bilirsiniz ki, bu gün dünya bir qədər narahatdır, beynəlxalq aləmdə baş verən proseslər narahatlıq doğurur və bu proseslərin gərginliyi göz qabağındadır. Bu gərginlik bir tərəfdən indiki zamanda dünyanın yaşadığı böhran prosesi ilə, digər tərəfdən isə müəyyən ölkələrin beynəlxalq münasibətlərdə öz geosiyasi maraqlarını və iddialarını daha qabarıq ortaya qoyaraq onun uğrunda addımlar atmasının nəticəsidir. Bu isə əslində heç kimin xeyrinə deyil. Belə olan halda bu, bütün tərəflər üçün ziyanlı olur".

N.Məmmədov bildirib ki, bu səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında 2020-ci ildən sonra da bütün sahələrdə əməkdaşlığın məzmunu və perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı: "Bilirsiniz ki, bu, əslində işgüzar səfər də ola bilərdi, çünki səfər müddətində Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcəkdi. Amma Türkiyə tərəfi bunu dövlət səfəri statusu ilə qəbul etdi. Oradakı danışıqlar zamanı Azərbaycanla Türkiyə arasında əməkdaşlığın bütün aspektləri ətrafında geniş fikir mübadiləsi aparıldı. Elə bir sahə olmadı ki, o sahədə əməkdaşlığımız qeyd olunmasın, hər bir sahənin inkişafına, daha da dərinləşməsinə fikir verilməsin. Bu baxımdan enerji, iqtisadi əməkdaşlıq, ticarət, turizm, müəyyən infrastruktur layihələri, idman, mədəniyyət, elm, xüsusilə, müdafiə sahəsində əməkdaşlığa xüsusi yer verildi, bu istiqamətlərdə yaxşı əməkdaşlıq perspektivlərinin olduğu qeyd edildi. Düşünürəm ki, ölkələr arasında əməkdaşlıq bundan sonra da daha geniş vüsət alacaq".

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentləri qeyd etdilər ki, bu gün beynəlxalq aləmdə bu iki ölkə qədər bir-birinə yaxın olan ikinci bir nümunə tapa bilməzsiniz: "Bu, həqiqətən də belədir. Burada çox üst-üstə düşən məqamlar var. Dünyada tarixi, dini, mədəni bağlılığı olan dövlətlər var. Amma onlar arasındakı münasibətlər heç birində belə deyil. Bu gün bir-birinə bu qədər yaxın olan iki dövlət tapmaq bəlkə də mümkün deyil. Amma elə dövlətlər var ki, elə bu aspektdə, bu faktorlarla bir-birilərinə bağlı olsalar da, aralarında düşmənçilik var. Bu baxımdan çox nümunə gətirmək olar. Düşünürəm ki, burada əsas səbəb ondan ibarətdir ki, ölkələrimizin maraqlarının üst-üstə düşməsini həm ölkənin xalqları, həm də onun rəhbərləri eyni mövqedən çıxış edərək şərtləndirir".

Prezident Administrasiyası rəhbərinin müavini deyib ki, Azərbaycan və Türkiyə prezidentləri adətən ildə iki dəfə görüşürlər: "Bu il isə belə görüşlərin sayı bəlkə də daha artıq olacaq. Mənim ehtimalıma görə, hətta dörd dəfə ola bilər. Onlardan biri də, bildiyiniz kimi, Türkiyə Prezidentinin Azərbaycan Prezidentini G-20 sammitinə dəvət etməsidir. Ümumiyyətlə, belə bir qayda var ki, adətən, bu sammiti keçirən ölkənin istədiyi bir ölkəni həmin sammitə dəvət etməyə ixtiyarı var. Türkiyə tərəfi isə belə qərar qəbul edib ki, bu ölkə yalnız Azərbaycan ola bilər. Düşünürəm ki, bu səfər Azərbaycan üçün də faydalı olacaq. Əslində Azərbaycan öz siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişafı ilə belə bir yerdə təmsil olunmağa layiqdir".

N.Məmmədov vurğulayıb ki, səfər zamanı Azərbaycan Prezidenti Türkiyə tərəfindən bu ilin aprel ayının 24-də təşkil olunacaq Çanaqqala döyüşünün 100 illiyinə həsr olunmuş mərasimə dəvət edildi və Azərbaycan Prezidenti də şübhəsiz ki, bunu məmnunluqla qəbul etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti