Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir Elçin Mehdiyev/
"Azərbaycanda azad söz və media mühiti mövcuddur. Azərbaycanda azad mətbuat, azad internet var, hər bir jurnalist istədiyi informasiyanı sərbəst şəkildə toplaya bilir, heç bir senzuraya məruz qalmadan cəmiyyətə yaya bilir və topladığı məlumatları və materialları ictimai müzakirəyə çıxara bilir". Trend-in məlumatına görə, bunu Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zaman deyib.
Ə.Həsənovun sözlərinə görə, indiyə qədər Azərbaycanda jurnalistin yazıya görə həbs edilməsi və yaxud təqib olunması faktı olmayıb: "Ona görə də təəssüflər olsun ki, bəzi beynəlxalq dairələr, beynəlxalq təşkilatlar Azərbaycana birbaşa təsir göstərə bilməyəndə, onu istədikləri istiqamətə yönəldə bilməyəndə, bu bəhanələrlə, o cümlədən azad media mühitinin olmaması, qeyri-hökumət təşkilatlarının təqib olunması və s. adlarla Azərbaycan dövlətinin ünvanına ayrı-ayrı beynəlxalq mətbuat orqanlarında, ayrı-ayrı dairələrdə bu tipli tezislərlə çıxış edirlər".
PA rəsmisi bildirib ki, Azərbaycan jurnalistikasının çox dəyərli nümayəndələri hamıdan yaxşı bilir ki, bunların hamısı qərəzlidir, uydurmadır, subyektiv mülahizələrin nəticəsidir və Azərbaycandakı mövcud media mühiti, siyasi plüralizm mühiti dünyanın heç bir ölkəsindən geri qalmır: "Əksinə, biz nəinki postsovet məkanı ölkələrindəki mövcud vəziyyətlə, eyni zamanda, dünyanın ən qabaqcıl ölkələri, Qərbi Avropa ölkələrinin media mühiti ilə yarışmaq, rəqabət aparmaq gücünə malikik".
Ə.Həsənov qeyd edib ki, Azərbaycan dövləti və ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş media siyasəti bu gün Azərbaycanı həm daxildə, həm regionda, həm də beynəlxalq aləmdə təmsil edə biləcək azad media nümunələrinin, azad jurnalistikanın inkişaf etmiş elektron və çap media nümunələrinin yaranmasına şərait yaradıb: "Azərbaycan Prezidenti cənab İlham Əliyev media nümayəndələri ilə dəfələrlə görüşlər keçirib və bu görüşlərdə Azərbaycan dövlətinin mətbuat siyasətini, informasiya siyasətini bəyan edib. Dəfələrlə cənab Prezident bildirib ki, biz media üçün bütün şəraiti yaratmışıq və yaratmaqda da davam edəcəyik, biz Azərbaycan dövlətini, hakmiyyətini, ölkənin ictimai-siyasi həyatını azad mediasız təsəvvür etmirik, azad media olmayan yerdə şəffaflıq da ola bilməz, şəffaflıq olmayan yerdə isə effektli dövlət idarəçiliyi ola bilməz. Bu anlamda cənab Prezidentin bu bəyanatları bizim media siyasətimizin təməlində dayanır. Cənab Prezident dəfələrlə onu da bildirmişdi ki, hər kəs bu gün dövlət idarəçiliyində təmsil olunan istənilən məmur haqqında yaza bilər, istənilən məmurun fəaliyyətini təhlil edə bilər, dövlət qurumlarının bütün strukturlarını ictimai müzakirəyə çıxara bilər. Lakin tələbimiz ondan ibarətdir ki, bu təhlillər, bu məlumatlar, informasiya fəaliyyəti şəffaf, ədalətli, obyektiv olsun".
Prezidentin köməkçisi vurğulayıb ki, əlbəttə, hər bir jurnalist bir millətin, bir xalqın nümayəndəsidir və təmsilçisidir: "Bu mənada cənab Prezident dəfələrlə bəyan etmişdir ki, Azərbaycan jurnalistikasından vətənpərvərlik nümunələri gözləyirik. Yalnız azərbaycanlı olaraq bizim xalqın nümayəndələri onu yaxşı təmsil edə bilər. Beynəlxalq aləmdə azərbaycançılığın bütün dəyərlərini siz təmsil etməyəndə, təqdim etməyəndə, təbliğ etməyəndə o zaman kim təbliğ edə bilər? Əlbəttə, Azərbaycan jurnalisti nə qədər çalışsa da, fransız jurnalist kimi Fransa cəmiyyətini, Fransa dövlətini, onun xalqının milli-mənəvi dəyərlərini təqdim edə bilməz. O cümlədən, həmin fransız da azərbaycanlı jurnalist qədər Azərbaycan dəyərlərini, Azərbaycan xalqının nümunələrini dünyaya çatdıra bilməz. Bu mənada, əlbəttə, bizim Azərbaycan jurnalistikasından, jurnalistlərdən müəyyən umacaqlarımız da var. Bu umacaqlarımız da dediyim kimi, ilk növbədə vətənpərvərlik, obyektivlik, qərəzsizlik və bütün məsələlərdə dövlətin, millətin maraqlarını nəzərə almaq tələbidir".