Azərbaycan, Bakı, 12 mart /Trend/
Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə İran İslam Respublikasının ölkəmizdəki səfiri Möhsün Pakayin arasında görüş keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir müavini N.Səmədov İran İslam Respublikası ilə əlaqələrin dostluq münasibətlərinə əsaslandığını qeyd edərək mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu bildirib və səfirliyin bu istiqamətdə səylərini alqışladığını diqqətə çatdırıb.
Səfir, öz növbəsində, nazirliklə intensiv əlaqələrin mövcudluğu və gələcəkdə əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu qeyd edib. O, İran İslam Respublikasının vitse-prezidenti, Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Məsud Soltanifərin 2-4 aprel 2015-ci il tarixində Bakıda keçiriləcək "AİTF" Beynəlxaq Turizm və Səyahətlər Sərgisində iştirakla bağlı ölkəmizə planlaşdırılan səfəri barədə N.Səmədova məlumat verib.
Öz növbəsində, nazir müavini ali qonağın Azərbaycana səfərinin yüksək səviyyədə təşkil ediləcəyini bildirib.
Həmçinin Qafqaz regionunun ən böyük turizm sərgisi olan və artıq 14-cü dəfə təşkil edilən AİTF sərgisi barədə səfirə geniş məlumat verilib, sərginin Azərbaycanda keçirilən 20-dən çox sərgi arasında reytinqcə 4-cü yerdə olduğu, sərgidə 36-dan artıq ölkənin iştirakının nəzərdə tutulduğu bildirilib.
Səfir M.Pakayin görüşə görə nazir müavini N.Səmədova təşəkkür edib, Azərbaycan-İran mədəni əlaqələrinin dinamik prosesisinin şahidi olduğundan məmnunluğunu ifadə edib.