...

Bərdədə Qarabağ Aqrar Sənaye Parkı istifadəyə verilib

Siyasət Materials 13 Mart 2015 00:04 (UTC +04:00)
Bərdədə Qarabağ Aqrar Sənaye Parkı istifadəyə verilib
Bərdədə Qarabağ Aqrar Sənaye Parkı istifadəyə verilib

Azərbaycan, Bakı, 13 mart /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq sahibkarlara verilən güzəştli kreditlərin həcmi ildən-ilə artır. Bu kreditlərdən Bərdə rayon sahibkarları da kifayət qədər faydalanırlar. İndiyədək rayonun 2 mindən çox sahibkarına 70 milyon manatadək güzəştli kredit verilib və bu kreditlər hesabına 4300-dək yeni iş yeri yaradılıb. Güzəştli kreditlərdən istifadə edilməklə yaradılan müəssisələrdən biri də Qarabağ Aqrar Sənaye Parkıdır.

Dövlətimizin başçısının rayona səfəri ərəfəsində istifadəyə verilmiş Sənaye Parkının tərkibində 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücünə malik ət kəsimi və emalı fabriki, saatda 10 ton yem istehsal edən zavodu olan Aqrar Sənaye Parkının ümumi dəyəri 32 milyon manatdır. Bu müəssisələrin maliyyələşdirilməsinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 20,4 milyon manat güzəştli kredit verilib.

Logistik mərkəzdə güzəştli kreditlər almış fermerlər tərəfindən istehsal olunan ət və tərəvəz məhsulları yüksək keyfiyyətlə saxlanılır və ilboyu əhalinin tələbatının ödənilməsinə yönəldilir. Ən son texnologiyalarla təchiz olunmuş ət kəsimi və emalı fabrikində heyvanların kəsilməsindən ət məhsullarının qablaşdırılmasına və istehlakçılara çatdırılmasınadək bütün proseslər gigiyenik normalar tam gözlənilməklə aparılır. Heyvandarlıq komplekslərində kənd təsərrüfatı avadanlıqları istehsalında dünyanın aparıcı şirkətlərinin müasir avtomatlaşdırılmış havalandırma, suvarma, qidalandırma sistemləri və digər ferma avadanlıqları quraşdırılıb. "Aqrolizinq" ASC vasitəsilə Avropadan gətirilmiş xüsusi cinslərdən olan ətlik-südlük inəklər bəslənilir. Gətirilən heyvanlar artıq yerli iqlimə tam olaraq uyğunlaşıb. Hələlik gündəlik 32 ton yüksək keyfiyyətli süd istehsal olunur və emal müəssisələrinə təhvil verilir. İlin sonunadək heyvanların sayı artırılacaq və süd istehsalı 60 tona çatdırılacaq. Qarabağ Aqrar Sənaye Parkında 300 nəfər daimi iş yeri ilə təmin olunub.

Belə komplekslərin yaradılması idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın keyfiyyətli məhsullarla təmin edilməsinə və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Güzəştli kreditlərdən yararlanmaqla Bərdədə yaradılmış digər heyvandarlıq müəssisəsi rayonun Türkmən kəndi ərazisində inşa edilmiş 500 başlıq südlük cins heyvandarlıq kompleksidir. Ümumi dəyəri 4,2 milyon manat olan kompleks sağmal inəklər üçün fermalar, sağımxana, yem anbarı sahələrindən ibarətdir. Bu layihənin də həyata keçirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2,5 milyon manat güzəştli kredit verilib. Ən müasir avadanlıqlarla təchiz olunmuş kompleksdə "Aqrolizinq" ASC vasitəsilə ilkin olaraq Avropadan 325 baş cins inək gətirilib. Layihənin icrası nəticəsində 50 nəfər yeni iş yeri ilə təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti