...

İsmayıl Hacıyev: "Bu, ölkəmizə qarşı ilk "təşəbbüs" deyil"

Siyasət Materials 18 Mart 2015 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir Elçin Mehdiyev/

"İlk Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası ölkəmizə qarşı ilk "təşəbbüs" deyil". Bu barədə Trend-ə Milli Məclisin deputatı İsmayıl Hacıyev deyib.

İ.Hacıyev xatırladıb ki, "Eurovision" mahnı müsabiqəsindən əvvəl də bu cür çirkli kampaniyalar aparılırdı. Millət vəkili vurğulayıb ki, Azərbaycan müstəqil daxili və xarici siyasət aparır: "Təbii ki, bu siyasət bəzi dövlətlərin, bəzi təşkilatların xoşuna gəlmir. Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi Azərbaycanın rolunun, nüfuzunun Avropada, dünyada hansı səviyyədə olduğunun əyani göstəricisidir. Lakin dünyanın bəzi inkişaf etmiş ölkələri Azərbaycan əleyhinə iş aparırlar".

Millət vəkili bu çirkli kampaniyada ermənilərin də əlinin olmasını istisna etməyib: "Təbii ki, burada erməni amili də var. Ancaq bunların hamısı boş şeydir. Azərbaycan öz siyasətində ciddidir, uğurlu siyasət aparır və ilk Avropa Oyunlarının Azərbaycanda tam uğurla keçiriləcəyini əminliklə deyə bilərəm".

İ.Hacıyev Azərbaycan daxilində də bu qüvvələrə dəstək verənlərin olmasından təəssüfləndiyini bildirib: "Azərbaycanın daxilindəki qüvvələr də onların əlində bir vasitədir. Bu, çox təəssüf ediləsi haldır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti