...

Efiopiya Azərbaycanla əlaqələri inkişaf etdirməkdə çox maraqlıdır (FOTO)

Siyasət Materials 3 Aprel 2015 20:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Azərbaycanın Efiopiya Federativ Demokratik Repsublikasındakı səfiri Elman Abdullayev Efiopiya parlamentinin spikeri Abadulla Gemeda ilə görüş keçirib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş əsnasında Azərbaycanla Efiopiya arasında parlamentlərarası əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb və bunun üçün geniş potensialın movcud olduğu qeyd olunub.

Parlament sədri Efiopiyanın Azərbaycanla parlamentlərarası əlaqələri inkişaf etdirməkdə çox maraqlı olduğunu, qarşılıqlı şəkildə parlamentlərarası dostluq qruplarının yaradılması və qarşılıqlı səfərlərin təşkilinə dair Efiopiya tərəfinin hazır olduğunu bildirib.

E.Abdullayev Azərbaycanın böyük iqtisadi uğurlara imza atdığını, ölkəmizin beynəlxalq arenada nüfuzunun artması nəticəsində beynəlxalq təşkilatlarda mühüm yer tutduğunu, hər il müxtəlif mötəbər tədbirlərə ev sahibliyi etdiyini və bu il ilk Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyini qeyd edib. Ölkəmizin diplomatiyasının coğrafiyasının genişləndiyi və xarici siyasətimizdə Afrika ölkələri ilə əməkdaşlığa mühüm əhəmiyyət verildiyi vurğulanıb.

Görüş zamanı Azərbaycanla Efiopiya arasındakı münasibətlərin güclü bazası olduğu və Azərbaycan universitetlərindən 500-ə yaxın efiopiyalının məzun olduğu qeyd edilib.

2013-cü ildə ölkəmizdə səfərdə olduğunu və Azərbaycanın sürətli və hərtərəfli inkişafının ona olduqca yüksək təəssürat bəxş etdiyini deyən A.Gemeda ölkəmizin nailiyyətlərini yüksək qiymətləndirib. Efiopiya parlamentinin sədri böyük iqtisadi gücə və potensiala malik Azərbaycanın işgüzar dairələrini Efiopiyada mövcud olan investisiya layihələrində iştirak etməyə dəvət edib və iki dövlət arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi vacibliyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti