...

Prezident İlham Əliyev: Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artıb (FOTO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 11 Aprel 2015 00:08 (UTC +04:00)
“Bu gün biz birinci rübün sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik, gələcək planlar haqqında danışacağıq. Deyə bilərəm ki, birinci rübün yekunları çox müsbətdir. Biz keçən ili də uğurla başa vurmuşduq. Baxmayaraq ki, keçən ilin sonunda bölgədə artıq böhran başlamışdır, Azərbaycan iqtisadiyyatın dinamik inkişafını təmin etmişdir və biz keçən ili də çox gözəl göstəricilərlə başa vurduq”.
Prezident İlham Əliyev: Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artıb (FOTO) (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 10 aprel /Trend/

"Bu gün biz birinci rübün sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik, gələcək planlar haqqında danışacağıq. Deyə bilərəm ki, birinci rübün yekunları çox müsbətdir. Biz keçən ili də uğurla başa vurmuşduq. Baxmayaraq ki, keçən ilin sonunda bölgədə artıq böhran başlamışdır, Azərbaycan iqtisadiyyatın dinamik inkişafını təmin etmişdir və biz keçən ili də çox gözəl göstəricilərlə başa vurduq". Trend-in məlumatına görə, bunu aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda giriş nitqində deyib.

Prezidentin sözlərinə görə, bu ilin birinci rübündə də bu müsbət meyillər davam edib: "Mən keçən ilin sonunda əmin olduğumu bildirmişdim ki, 2015-ci il də ölkə iqtisadiyyatı üçün uğurlu il olacaq. Birinci rübün yekunları bu sözləri təsdiqləyir. Ümumi daxili məhsul 5 faizdən çox artmışdır. Bu, çox gözəl göstəricidir, həm region, həm dünya üçün. Bu gün dünyada 5,3 faiz, yaxud da ki, 6 faizə yaxın inkişaf edən iqtisadiyyatlar çox azdır.

Azərbaycanda dinamik inkişaf təmin edilir və sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da son illər ərzində aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olmuşdur. Çünki uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyatımız dayanıqlı surətdə inkişaf etsin, bir sektordan - neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi bizim ümumi iqtisadi inkişafımıza təsir etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir".

Dövlət başçısı qeyd edib ki, qeyri-neft sektoru prioritet olaraq qalacaq: "Çünki bundan sonra Azərbaycan iqtisadiyyatı çoxşaxəli surətdə inkişaf edəcəkdir. Şadam, artıq bir müddətdir ki, qeyri-neft sektorumuz ümumi daxili məhsulumuzun əksər hissəsini təşkil edir. Əminəm ki, bu faiz nisbəti getdikcə daha da artacaq və beləliklə, bundan sonra Azərbaycan iqtisadiyyatı neft-qaz amilindən daha da az asılı olacaq.

Bir daha demək istəyirəm ki, neftin qiymətinin iki dəfədən çox düşməsi bizim ümumi dinamik inkişafımıza təsir etməmişdir, qeyri-neft sektoru əsas iqtisadi yükü öz üzərinə götürmüşdür. Bundan sonra məhz qeyri-neft sektorumuzun inkişafı ölkəmizin uğurlu iqtisadi inkişafını təmin edəcəkdir".

İlham Əliyevin sözlərinə görə, sevindirici haldır ki, sənaye istehsalı birinci rübdə artmışdır: "Bildiyiniz kimi, son illər ərzində neftin hasilatının bir qədər düşməsi nəticəsində biz sənaye istehsalında artımı müşahidə etmirdik. Bu ilin birinci rübündə sənaye istehsalı təxminən 4 faiz artmışdır. Bu da görülən işlərin nəticəsidir. Keçən il Azərbaycanda "Sənaye ili" elan edilmişdir, bu sahəyə xüsusi diqqət göstərilmişdir. Ondan əvvəlki illərdə müasir sənaye komplekslərinin, texnoparkların yaradılması, kiçik və orta sahibkarlığın inkişafı sayəsində sənaye potensialımız böyük dərəcədə güclənmişdir. Bunun nəticəsidir ki, Azərbaycanda sənaye istehsalı artır.

Kənd təsərrüfatında da artım var. Kənd təsərrüfatı 3 faizdən çox artmışdır. Hesab edirəm ki, bizi gələcəkdə kənd təsərrüfatının əsas artımı gözləyir. Çünki hazırda aparılan islahatlar, işlərin təkmilləşdirilməsi və düşünülmüş siyasət, əminəm ki, yaxın illərdə daha da sürətli artıma təkan verəcəkdir".

Prezident qeyd edib ki, inflyasiya Azərbaycanda çox aşağı səviyyədədir: "Keçən il bir faizdən bir qədər çox idi. Bu il isə 2,8 faizdir. O da çox əlamətdar hadisədir ki, manatın məzənnəsinə bu ilin fevralında dəyişikliklər edilmişdir, buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, onu göstərir ki, Azərbaycanda istehlak bazarına nəzarət tam təmin edilir, dövlət və hökumət bu məsələləri daim diqqət mərkəzində saxlayır.

İnflyasiyanın aşağı səviyyədə olması, əlbəttə ki, insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir. Eyni zamanda, onu da bilməliyik ki, inflyasiya çox aşağı səviyyədə olanda iqtisadi inkişafı bir qədər əngəlləyir. Ona görə burada əlbəttə ki, düzgün balans seçilməlidir və Azərbaycanda makroiqtisadi vəziyyət daim diqqət mərkəzindədir. İnflyasiya həm sosial funksiyalarını özündə ehtiva etməlidir, eyni zamanda, ölkəmizin inkişafını, xüsusilə ixrac potensialımızın genişləndirilməsini təmin etməlidir. Hər il olduğu kimi, bu il də əhalinin pul gəlirləri inflyasiyanı üstələyir. Əhalinin pul gəlirləri 5,3 faizdir, təxminən iki dəfə inflyasiyadan artıqdır.

Bax, budur bizim əsas iqtisadi göstəricilərimiz. Hesab edirəm ki, 2015-ci ildə istənilən ölkə üçün, xüsusilə neft-qaz sektoru inkişaf etmiş ölkələr üçün bu, həddindən artıq müsbət göstəricidir, deyə bilərəm ki, bizim böyük uğurumuzdur. Bu uğurları biz əldə etmişik, Azərbaycan xalqı əldə edib. Əgər biz vaxtilə ölkəmizin qeyri-neft sektorunun inkişafına bu qədər böyük diqqət göstərməsəydik, bəlkə də bu gün bu nəticələr o qədər də ürəkaçan olmazdı. Əksinə bizi staqnasiya, resessiya gözləyə bilərdi, necə ki, biz indi dünyada, bölgədə bəzi yerlərdə bunu müşahidə edirik.

Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri ondan ibarətdir ki, bu, möhkəm təməl üzərində qurulub, özünü təmin edən iqtisadiyyatdır, xarici maliyyə resurslarından asılı deyil. Əksinə, biz indi özümüz donor kimi, həm başqa ölkələrə, eyni zamanda, beynəlxalq maliyyə qurumlarına maliyyə resurslarımızı təqdim edirik. Bu da bizə əlavə mənfəət gətirir. Azərbaycan iqtisadi müstəqilliyini tam şəkildə əldə etdikdə təbii ki, siyasi müstəqillik daha da güclənir."

Dövlət başçısı vurğulayıb ki, regionlarda birinci rübdə müsbət meyillər müşahidə olunub: "İş yerlərinin yaradılması prosesi gedir, 30 minə yaxın iş yeri, - onlardan 25 mini daimi iş yeridir, - açılmışdır. Bu, daimi prosesdir, çünki dəfələrlə qeyd etdiyim kimi, Azərbaycanda müsbət demoqrafik vəziyyət mövcuddur. Əhali artır, belə olan halda iş yerlərinin yaradılması daimi proses olmalıdır. Bizim iqtisadi potensialımız əhalinin artması ilə uzlaşmalıdır. Çünki əhalinin artması çox müsbət prosesdir, bu, ölkəmizi gücləndirir, eyni zamanda, ölkəmizin sürətli inkişafını göstərir. Çünki biz demoqrafik dinamikaya nəzər saldıqda görürük ki, məhz son illər ərzində əhalimiz kəskin şəkildə artmağa başlamışdır. İqtisadiyyat da öz növbəsində bu artım üçün gözəl imkan yaratmalıdır ki, daim iş yerləri açılsın və işsizlik aşağı səviyyədə olsun. Hazırda işsizlik və yoxsulluq ən aşağı səviyyədədir, 5 faiz səviyyəsindədir.

Sosial məsələlər öz həllini tapır. Bu sahə daim diqqət mərkəzindədir və bizim düşünülmüş iqtisadi islahatlarımız bütün dövrlərdə güclü sosial siyasətlə də tamamlanırdı. Bu il bütün sosial öhdəliklər yerinə yetirilir, sosial infrastrukturun yaradılması üçün əlavə vəsait ayrılır, məktəblər, uşaq bağçaları, tibb müəssisələri tikilir.Hazırda 20-dən çox tibb müəssisəsi tikilir və təmir edilir, əhalinin diaqnostikası məsələləri öz həllini tapır, müayinədən keçmə prosesi uğurla gedir. Keçən il 5 milyon, bu il isə təqribən artıq 4 milyona yaxın Azərbaycan vətəndaşı müayinədən keçmişdir. Son illərdə bütün bölgələrdə müasir tibb mərkəzləri yaradılmışdır. Yəni, indi müayinədən keçmək üçün Bakıya gəlməyə ehtiyac yoxdur. Hər bir yerdə müasir tibb ocaqları var ki, insanlara gözəl xidmət göstərməlidir.

Sosial siyasətimizin digər aspektləri də daim diqqət mərkəzindədir. Sosial sahə insanların rifah halını, rahat yaşamasını təmin edən sahədir. Ona görə Azərbaycan dövləti bu sahəni daim diqqət mərkəzində saxlayır. Təbii ki, bizim gəlirlərimiz azalıb. Çünki neftin satışından əldə edilən gəlirlər təbii olaraq azalır. Ancaq əvvəlki illərdə əldə edilmiş maliyyə resursları, eyni zamanda, düşünülmüş siyasət, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi bizə imkan verir ki, hətta azalan gəlirlərlə bütün sosial öhdəlikləri yerinə yetirək və ölkə üçün vacib olan infrastruktur layihələrini icra edək".

İlham Əliyevin bildirdiyinə görə, bu il də dövlət investisiya proqramı kifayət qədər genişdir: "Bu proqramda əsas infrastruktur layihələri öz əksini tapıbdır və bu layihələrin icrası nəticəsində ölkəmizin inkişafı üçün daha da yaxşı şərait yaradılacaq, insanların rahatlığı, eyni zamanda, biznes mühitinin yaxşılaşdırılması üçün infrastruktur layihələri əlbəttə ki, önəmli yer tutur.

Bizim islahatlar aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görübdür. İldən-ilə bizim yerimiz yaxşılaşır. Biz daha bir pillə qalxmışıq və dünya miqyasında rəqabətqabiliyyətliliyə görə 38-ci yeri tutmaq hesab edirəm ki, gənc dövlət üçün böyük nailiyyətdir və bu yeri biz neftə, qaza görə yox, məhz düşünülmüş islahatlara görə qazanmışıq. Bizim iqtisadi siyasətimiz düşünülmüş siyasətdir, milli maraqlar və daxili resurslar üzərində qurulubdur. Ona görə Azərbaycanın xarici dövlət borcu çox aşağı səviyyədədir. Dünya miqyasında biz bu göstəriciyə görə ən qabaqcıl yerdəyik. Bu, bizə iqtisadi müstəqillik verir, eyni zamanda, biz Azərbaycana istənilən məbləğdə xarici bazarlardan maliyyə resursları da cəlb edə bilərik. Sadəcə olaraq, hesab edirəm ki, buna böyük ehtiyac yoxdur. Təbii ki, müəyyən mənada biz bunu edirik. Amma daha çox öz işlərimizi, ölkədə görüləsi olan işləri daxili imkanlar hesabına təmin edirik".

Prezident bildirib ki, ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır: "Azərbaycan dünya birliyinin etibarlı, dəyərli üzvüdür. Bütün həmkarlarımla keçirilən görüşlərdə Azərbaycana böyük hörmət müşahidə olunur. Azərbaycanda gedən işlər dünya birliyi tərəfindən izlənilir və böyük təqdirlə qarşılanır. Bizim xarici siyasətimiz çox fəaldır, çevikdir, milli maraqlar üzərində qurulubdur və milli maraqlar bizim üçün ən prioritet məsələdir. Yəqin ki, buna görə Azərbaycan son illər ərzində bütün bölgədə yaşanan böhranlardan, əgər belə demək mümkündürsə, itkisiz çıxıbdır və şərəflə öz siyasətini aparır. Biz heç kimin təhriki ilə addımlar atmırıq, düşünülmüş addımlar atırıq. Əgər o addımlar milli maraqlara uyğundursa biz bunu edirik, deyilsə biz bunu etmirik. Elə bir qüvvə yoxdur ki, bizi nəyəsə məcbur edə bilsin, yaxud da bizi hansısa kampaniyalara cəlb etsin ki, bu da bizim maraqlarımıza uyğun olmasın. Ona görə bu mövqe, eyni zamanda, hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz təbii olaraq bizə böyük hörmət qazandırdı. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə, gözəl imicə malik olan ölkədir. Mən dünya birliyi deyəndə bütün ölkələri nəzərdə tuturam. Çünki dünya birliyi hansısa bir təşkilat deyil. Dünya birliyi bütün ölkələrdir. Bütün ölkələr BMT-də təmsil olunur və bilirsiniz ki, bizim BMT-dəki mövqelərimiz çox güclüdür. Əgər belə olmasaydı, bir neçə il bundan əvvəl 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi.

Biz öz prinsipial beynəlxalq siyasətimizi bu il də davam etdiririk. Bu ilin əvvəlindən baxmayaraq ki, cəmi 3 aydan bir qədər çox vaxt keçib, mənim çoxsaylı səfərlərim bizim beynəlxalq mövqelərimizi daha da möhkəmləndirib. İlin əvvəlindən mən Türkiyəyə iki dəfə səfər etmişəm, Almaniyaya, Bolqarıstana, Vatikana və Səudiyyə Ərəbistanına səfərlər etmişəm. Yəni, 3 ay ərzində edilən bu səfərlər artıq Azərbaycanın çoxşaxəli xarici siyasət apardığını göstərir. Səudiyyə Ərəbistanı müsəlman aləminin mərkəzidir, bizim müqəddəs ocaqlarımız bu ölkədə yerləşir, Vatikan isə xristian aləminin mərkəzidir.

Azərbaycan öz dini, milli, mənəvi dəyərlərinə sadiq olaraq müasirlik yolu ilə uğurla, inamla gedir. Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətləri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurmuşuq və bizə göstərilən hörmət, əlbəttə ki, bizi sevindirir. Eyni zamanda, bu, bir daha göstərir ki, bizim xarici siyasətimiz qüsursuzdur. Mən bunu açıq bəyan etmək istəyirəm. Biz heç bir ölkə ilə əlaqələrimizi pozmamışıq. Heç bir ölkə ilə bizim aramızda heç bir gərginlik yoxdur. Əksinə, son illər ərzində biz nə qədər dost qazanmışıq, nə qədər çox ölkələr bizimlə əməkdaşlıq etmək istəyir. Dövlət, hökumət başçılarının Azərbaycana səfərləri, beynəlxalq tədbirlərdə mənim iştirakım bunu bir daha göstərir. Azərbaycan bu gün dünya miqyasında öz güclü yerini tutmuş ölkədir. Ölkəmizin dünya miqyasında hörməti getdikcə artır.

Eyni zamanda, mən ilin əvvəlində dünyanın iki aparıcı iqtisadi və siyasi forumlarında iştirak etmişəm - Davosda və Münxendə. Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı. O da sirr deyil ki, bu tədbirlərə məhdud sayda qonaqlar dəvət edilir. Bu tədbirlərdə dünyanın həm üzləşdiyi problemlər açıq və qapalı şəkildə müzakirə edilir, eyni zamanda, orada imkan yaradılır ki, hər bir iştirakçı öz baxışlarını ifadə etsin, öz fikirlərini bölüşsün. Azərbaycanın mövqeyi bir çox məsələlərlə bağlı çox böyük önəm daşıyır. Təkcə enerji siyasəti deyil, ümumiyyətlə, geosiyasi məsələlər, təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq və sabitlik. Çünki baxın, indi dünyanın hər bir yerində qarşıdurma, müharibə, ziddiyyət, böhran, çevrilişlər və digər xoşagəlməz hallar müşahidə edilir. Bir il deyil, iki il deyil, artıq 10 ilə yaxındır ki, hər tərəf yanır. Azərbaycan sabitlik adasıdır, inkişaf məkanıdır və təbii ki, bu, dünya birliyi tərəfindən yüksək qiymətləndirilir".

Prezident qeyd edib ki, birinci rübdə enerji sektorunda iki önəmli hadisə baş vermişdir: "Fevralın 12-də "Cənub" Qaz Dəhlizi Məşvərət Şurasının birinci iclası bizim təşəbbüsümüzlə Bakıda keçirilmişdir. Bildiyiniz kimi, keçən il sentyabrın 20-də "Cənub" qaz dəhlizinin təməli qoyulmuşdur və Məşvərət Şurası iclasının keçirilməsi çox önəmli hadisə idi. Bu toplantıda "Cənub" qaz dəhlizinin bizimlə əməkdaşlıq edən bütün mövcud və gələcək üzvləri iştirak edirdi. Mətbuata verilən yekun bəyanat da çox müsbət idi, orada Azərbaycanın liderlik rolu qeyd edilib. Mart ayında Türkiyənin Qars şəhərində TANAP layihəsinin təməl daşı qoyulmuşdur. Bu hadisə əlbəttə ki, dünya birliyinin diqqətini cəlb etdi. TANAP layihəsi "Cənub" qaz dəhlizinin tərkib hissəsidir. Bildiyiniz kimi, "Cənub" qaz dəhlizi 4 hissədən ibarətdir, TANAP onun önəmli hissəsidir. Azərbaycan TANAP layihəsinin icrasında əsas, yəni, səhmdar kimi fəaliyyət göstərir. Artıq işlər başlayır və hesab edirəm ki, Azərbaycan qazı -"Şahdəniz-2"dən çıxarılacaq qaz 2018-ci ildə Türkiyəyə çatdırılacaqdır. TAP layihəsi də icra edilməlidir. Hesab edirəm ki, TAP layihəsinin icrası üçün bəzi hallarda yaradılan süni maneələr aradan qaldırılacaq və Avropa ölkələri, bu layihədə iştirak edən ölkələr və Avropa İttifaqı bu məsələləri özləri həll edəcəkdir. Hər halda Azərbaycan və Türkiyə üzərinə düşən vəzifələri, TANAP layihəsinin icrası ilə bağlı bütün vəzifələri vaxtında yerinə yetirəcək.

"Cənub" qaz dəhlizi tamamilə yeni enerji xəritəsini ortaya qoyur və Azərbaycanın rolu getdikcə artır. Bildiyiniz kimi, Avropa İttifaqı indi enerji ittifaqı haqqında bəzi təkliflər irəli sürübdür və Azərbaycan Avropa Komissiyasının sənədlərində artıq önəmli tərəfdaş kimi göstərilir. Biz əlbəttə ki, bütün bu işləri izləyirik. Biz bilirik ki, Azərbaycanın rolu nə qədər əhəmiyyətlidir. Biz bilirik ki, Azərbaycan qazı hazırda Avropa məkanı üçün yeganə yeni mənbədir. Biz öz işimizi görürük və gördüyümüz işlər nəticə verir. Biz 2012-ci ildə Prezident Ərdoğanla İstanbulda TANAP layihəsini imzaladıq və 2015-ci ildə TANAP layihəsinin təməl daşını qoyduq. Görün, qısa müddət ərzində nə qədər iş görülmüşdür. Bundan əvvəl TAP layihəsi seçilmişdir, "Şahdəniz-2" layihəsinə start verilmişdir və Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri də artıq inşa edilir. Bax, bizim işimiz bunlardan ibarətdir, boşboğazlıq yox, konkret, nəticəyə hesablanmış işlər. Biz heç vaxt populist vədlər verməmişik, konkret nəyi demişiksə onu da etmişik. Ona görə birinci rübdə ümumi iqtisadi inkişafla əlaqədar dediyim bax bu sözlər bizim uğurlu siyasətimizi bir daha göstərir. Eyni zamanda, birinci rübdə enerji siyasətimizi bundan sonra uğurla aparmaq üçün çox önəmli addımlar atılmışdır. Əminəm ki, nəzərdə tutulan bütün vəzifələr ilin sonuna qədər icra ediləcək, dinamik inkişaf təmin olunacaq, iqtisadiyyat, qeyri-neft sektorumuz artacaq və Azərbaycan 2015-ci ildə daha da böyük zirvələrə çatacaqdır".

XXX

"Qeyri-neft sektoru prioritet olaraq qalır, bütün lazımi tədbirlər görülür. Hesab edirəm ki, bu il qeyri-neft sektorumuz daha da arta bilər. Birinci aylarda yeddi faiz artım əlbəttə ki, gözəl göstəricidir. Çalışmalıyıq ki, ümumiyyətlə, qeyri-neft sektorumuz ümumi daxili məhsulun çox böyük hissəsini təşkil etsin. Ancaq o da həqiqətdir ki, bir neçə ildən sonra "Cənub" qaz dəhlizi işə düşəndən sonra bizim qaz ixracımız kəskin şəkildə artacaq. Beləliklə, neft-qaz sektorumuz daha da böyüyəcək. Belə olan halda qeyri-neft sektorunun daim neft sektorunu üstələməsi üçün biz əlavə tədbirlər görməliyik. Bu tədbirləri görürük. Onların içərisində, əlbəttə ki, infrastruktur layihələri bölgələrdə iqtisadi inkişafa şərait yaradır. Eyni zamanda, dövlətin sahibkarlara olan münasibəti, diqqəti və dəstəyidir.

Mən sahibkarlarla il ərzində dəfələrlə görüşürəm. Hər il biz regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını müzakirə edərkən bu görüşlər olur. Ondan sonra mənim bütün bölgələrə, rayonlara səfərlərimdə bölgələrdə hansısa sənaye obyektinin açılışı nəzərdə tutulur. Beləliklə, sahibkarlara göstərilən siyasi dəstək kifayət qədər yüksəkdir. Eyni zamanda, dövlət sahibkarlığın inkişafı üçün digər tədbirlər də görür. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli şərtlərlə kreditlər verilir. Bu kreditlər real iqtisadiyyatın inkişafını təmin edir, iş yerlərinin yaradılmasına şərait yaradır. Bu il də kifayət qədər böyük məbləğdə kreditlər ayrılıb. Bu kreditlərin demək olar ki, tam həcmi sonra qaytarılır və yenidən resurs baza kimi sahibkarlara verilir. Həm dövlət büdcəsində sahibkarlığın inkişafı üçün vəsait nəzərdə tutulur, eyni zamanda, əvvəlki illərdə verilmiş və qaytarılmış kreditlər yenidən sahibkarlara verilir. Yəni, o kreditlərin qaytarılması yenə də sahibkarlığın inkişafına şərait yaradır".
Trend-in məlumatına görə, bunu aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda yekun nitqində deyib.

Prezident bildirib ki, Azərbaycanda hazırda çox böyük sahibkarlıq sinfi yaradılmışdır: "Ölkəmizin ümumi inkişafı bundan sonra daha çox sahibkarlığın inkişafından asılı olacaq. Əlbəttə, dövlət inhisarında olan strateji sahələr dövlətin əlində qalmalıdır. Bu, strateji nəqliyyat infrastrukturu, neft-qaz sektoru, strateji enerji infrastrukturudur. Çünki bu sahələr dövlət tərəfindən idarə edilməlidir ki, işlər məqsədyönlü şəkildə aparılsın. Əlbəttə ki, əsas infrastruktur qurumları dövlət monopoliyasında olanda tariflərə də dövlət nəzarət edir və imkan vermir ki, tariflər artsın yaxud da insanların yaşayış səviyyəsinə mənfi təsir göstərsin.

Digər sahələr isə artıq sahibkarlıq hesabına formalaşır. Ümumi daxili məhsulumuzun haradasa 80 faizdən yuxarı hissəsi özəl sektorda formalaşır. Keçən il "Sənaye ili" elan edilmişdir və qeyd etdiyim kimi, bu sahəyə böyük diqqət göstərilir. Biz özümüzü bütün tikinti materialları ilə tam şəkildə təmin etməliyik. Artıq biz buna yaxınlaşırıq. Bu rəqəmləri mən artıq müşavirələrdə səsləndirmişdim. İndi biz bir çox pozisiyalar üzrə tikinti materiallarımızı özümüz istehsal edirik və eyni zamanda, ixrac edirik. İxrac üçün də bizə yeni bazarlar lazımdır".

Dövlət başçısının sözlərinə görə, bazarlara çıxmaq o qədər asan deyil, gərək məhsul rəqabətqabiliyyətli və qiyməti ucuz olsun: "Dövlət öz tərəfindən sahibkarlara bu dəstəyi də göstərir. Çünki Azərbaycanda yanacaq kifayət qədər ucuzdur. Özəl sektora və ümumiyyətlə, əhaliyə satılan qazın qiyməti çox aşağıdır, cəmi yüz manatdır. Halbuki dünyada qiymət ondan bir neçə dəfə artıqdır. Elektrik enerjisinin qiyməti kifayət qədər aşağıdır. Yəni, bütün bunlar sahibkarlığın inkişafı üçün dövlət tərəfindən verilən böyük güzəştlərdir. Azərbaycanda istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyi üçün bu, əlavə bir güzəştdir, üstünlükdür. Sahibkarlar da bundan səmərəli şəkildə istifadə etməlidir. İlk növbədə, daxildə satılan malların qiyməti süni şəkildə qalxmamalıdır. Dövlət bu sahəyə nəzarət edir. Eyni zamanda, xarici bazarlara girmək üçün də əlbəttə ki, qiymət də münasib olmalıdır. Yəni, əgər Azərbaycanda yanacağa qoyulan tariflər bu qədər aşağı səviyyədə olmasaydı, bu, sahibkarlar üçün də böyük problem yaradardı. Sahibkarlar bunu bilməlidir ki, dövlət tərəfindən bu, çox böyük dəstəkdir. Kreditlər də, eyni zamanda, siyasi dəstək və hətta İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən metodik tövsiyələr də sahibkarlara təqdim edilir. Onların qoyduqları investisiyaların həcminə görə müxtəlif tövsiyələr paketi də verilir.

Regionlarda da sənaye inkişafı sürətlə gedir. Artıq biz bir neçə sənaye mərkəzi müəyyən etmişik. İndi növbə gəlib ki, hər bir rayonda sənaye zonası yaradılsın. Birinci zona Neftçalada yaradılır. Mənə verilən məlumata görə, yerli sahibkarlar tərəfindən çox böyük həvəslə, böyük maraqla qarşılanır. Hətta görürük ki, o sənaye zonasında fəaliyyət göstərən sahibkarların sayı nəzərdə tutduğumuzdan daha da çoxdur. Bu, çox sevindirici haldır, bu, birinci pilot layihəsidir. Hesab edirəm ki, biz indi başqa rayonlarda da buna oxşar zonalar yaratmalıyıq. Bu barədə mən bir neçə ay bundan öncə öz fikirlərimi bildirmişdim ki, hər bir rayonda xüsusi yer olmalıdır. Orada infrastruktur, nəqliyyat yolları - bütün lazımi təminat olmalıdır ki, sənaye potensialımız bir yerdə inkişaf etsin.

Bu il "Kənd təsərrüfatı" ili elan edilmişdir. Bu da bu sahəyə göstərilən diqqətin təzahürüdür. Sənaye, kənd təsərrüfatı hər bir ölkənin uğurlu iqtisadi inkişafını təmin edən sahələrdir. Xüsusilə Azərbaycan kimi ölkənin - bizim əhalimizin təxminən yarısı bölgələrdə, kəndlərdə yaşayır. Ərzaq təhlükəsizliyi bizim üçün prioritetdir. Çünki biz hələ tam şəkildə ərzaq təhlükəsizliyimizi təmin edə bilməmişik. Ancaq bu istiqamətdə böyük yol keçmişik. Çünki bu gün Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin edir. Düzdür, bəzi hallarda bu məhsulların komponentləri idxal edilir. Bu, əlbəttə, birinci mərhələ üçün hesab edirəm ki, məqbul variantdır. Ancaq çalışmalıyıq ki, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının bütün komponentləri Azərbaycanda istehsal olunsun, toxumdan tutmuş ta hazır məhsullara qədər. Ona görə bütün bu zənciri biz yaradırıq, yaradacağıq. İlk növbədə, əlbəttə ki, biz sənaye, yəni, emal müəssisələrini yaradırdıq. Bəzi hallarda o müəssisələrdə istehsal olunan mallar xaricdən xammal kimi gətirilirdi, burada paketlənirdi, ya süzülürdü. Bu, birinci mərhələ idi. Biz indi əsas mərhələyə keçirik, lokalizasiya 100 faiz olmalıdır. Çünki ərzaq təhlükəsızliyi bundan sonra dünya üçün ən böyük məsələ olacaq, o ölkələr ki, ərzaq təhlükəsizliyini təmin etməyib, onlar böyük problemlərlə üzləşəcəklər".

Prezidentin sözlərinə görə, əlbəttə ki, bazar iqtisadiyyatı prinsipləri bizim üçün əsasdır: "Biz idxal da, ixrac da edirik. Ancaq görürük, bəzi hallarda əgər biz hansısa mənbədən asılıyıqsa, onda müəyyən problemlər yaranır, o cümlədən qiymətlə bağlı olan problemlər. Bizim son illər ərzində gördüyümüz işlər imkan verdi ki, indi inflyasiya çox aşağı səviyyədə olsun. Nəyə görə? Çünki biz xarici bazarlardan, xarici ərzaq bazarlarından o qədər də asılı deyilik. Çünki yerli istehsal artıq kifayət qədər güclüdür. Yerli istehsal əgər yüz faiz yerli xammal üzərində qurulacaqsa, o zaman, ümumiyyətlə, xaricdə gedən proseslər, böhranlı vəziyyət, yaxud da ki, neftin qiymətinin ucuzlaşması bizə təsir etməyəcək.

Ona görə ərzaq təhlükəsizliyi birinci məsələdir. Yerli istehsalın artırılması prosesi gedir. Müxtəlif yerlərdə emal müəssisələri yaradılır və ixrac imkanlarımız da genişlənir. Biz indi ixrac nomenklaturamızı da genişləndirməliyik. Azərbaycandan ənənəvi olaraq meyvə-tərəvəz ixrac edilirdi. İndi isə daha çox hazır məhsul və digər, yəni, süd məhsulları ixrac edilməlidir. Gələcəkdə ət məhsulları və digər məhsullar ixrac edilməlidir.

Kənd təsərrüfatının inkişafı üçün çox ciddi tədbirlər görülür, islahatlar aparılır. Torpaqların elektron uçotu, qeydiyyatı indiki mərhələ üçün çox önəmli məsələdir. Biz buna nail ola bilsək, onda həm şəffaflıq olar, həm də biz dəqiq biləcəyik ki, nəyimiz var. Çünki bəzi hallarda tərtib olunan xəritələr həqiqətlə uzlaşmır. İndi bu məsələ aydınlaşdırılır, təftiş edilir. Verilən pay torpaqları, ayrılan sahələr bunlar həqiqəti əks etdirmir. Peykdən əldə edilən görüntülər xəritədə göstərilən görüntülərlə üst-üstə düşmür. Bu, çox ciddi məsələdir. Vaxtilə bu sahədə böyük səhvlər buraxılmışdır. Ona görə biz indi hər şeyi yenidən tənzimləməliyik. Elektron uçot ona görə lazımdır ki, sahibkarlar hansı torpağın sahibi olduqlarını bilsinlər. Eyni zamanda, dövlət də bilməlidir ki, kimin hansı torpağı var, o torpaqlarda nə yetişdirilir və ya yetişdirilmir. Bəzi hallarda torpaqlar götürülür, ondan sonra təyinatı dəyişdirilir. Yaxud da ki, hasarlanır, sadəcə olaraq mülkiyyət kimi saxlanılır. Buna yol vermək olmaz. Burada vəziyyəti tam şəffaflaşdırmaq üçün torpaqların elektron uçotu məsələsi öz həllini tapmalıdır. Bu, sadəcə olaraq statistika deyil. Bu, məhsuldarlıqdır, bu, aqrar siyasətimizdir. Həmçinin biz tövsiyə də edə bilərik, əlavə güzəştlər də verə bilərik ki, sən bu torpaqda bu məhsulu yetişdirirsən, gəl bu məhsulu yetişdir. Dövlət sənə daha da çox subsidiya verəcək, kömək edəcək. Çünki dövlətə, ölkəyə bu lazımdır. Ona görə bu, çox ciddi məsələdir. Mən bilirəm, indi Kənd Təsərrüfatı Nazirliyi bu işlərlə çox ciddi məşğuldur. Gərək bütün aidiyyəti qurumlar da buna qoşulsunlar ki, biz torpaqların elektron uçotunu tərtib edək. Burada uyğunsuzluq aradan götürülməlidir.

Biz son illər suvarmaya, meliorasiyaya çox böyük diqqət göstərdik. Biz bu sahəyə böyük maliyyə resursları ayırdıq. Hesab edirəm ki, bu, tamamilə düzgün bir siyasət idi. İndi Taxtakörpü və Şəmkirçay su anbarları artıq fəaliyyət göstərir. Bu anbarlar bizə bundan sonra daim xidmət edəcək. Suvarılan torpaqların sahəsi böyük dərəcədə artacaq, artır və meliorasiya tədbirləri bundan sonra da aparılacaqdır. Biz indi daha çox kanalların tikintisi ilə məşğul olmalıyıq. Çünki anbarlar yaradılıb. O anbarlarda elektrik stansiyaları da qurulub, kanallar da var. Amma kanalların şaxələndirilməsi də önəmlidir. Çünki biz nəzərdə tutulan torpaqları maksimum su ilə təmin etməliyik. O rəqəmlər dəfələrlə səsləndirilmişdir. Yüz min hektardan çox yeni əkin sahələri dövriyyəyə veriləcək və mövcud olan torpaqlarda suvarma yaxşılaşdırılacaqdır. Bu işlər əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Mən daim bu sahəni diqqət mərkəzində saxlayıram.

Keçən il Xızı rayonunda olarkən orada boş, yəni, yararsız torpaqlarla tanış oldum. İndi o yerlərə su veriləcək. Bu ilin sonuna qədər Xızı rayonunda üç min hektardan çox torpağa artıq su verilməlidir. Bu, daim diqqət mərkəzindədir. Ümumiyyətlə, Taxtakörpü su anbarının fəaliyyəti nəticəsində on minlərlə hektar torpaq suvarılacaq. Orada hansı məhsul yetişdiriləcək? Bunu Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirlikləri müəyyən etməlidir. Sahibkarlara kömək göstəriləcək, kreditlər veriləcək. Ondan sonra sahibkarlara deyiləcək ki, sən burada nəyi əkməlisən. Burada özbaşınalıq, hərc-mərclik ola bilməz. Dövlət bu siyasəti aparır və tövsiyə edir, yaxud da ki, göstəriş verir. Çünki biz bilməliyik hansı məhsullar yetişdirilməlidir, hansı məhsullar üçün bazar var. Yoxsa biz burada da müəyyən problemlərlə üzləşə bilərik. Gəlirli, çox gəlir gətirən məhsul var, az gəlir gətirən məhsul var. Vəsaiti tez qaytaran məhsul var, gec qaytaran məhsul var. İndi biz bunun hamısını yaxşı bilirik - dövlət üçün, daxili tələbatı təmin etmək üçün nə lazımdır və biz bunları hansı bazarlara ixrac edəcəyik.

Biz indi yeni bazarlar axtarırıq, tapırıq. İndi ənənəvi bazarlar var. Ənənəvi bazarımız Rusiya bazarıdır və bizim kənd təsərrüfatı məhsullarımızın böyük əksəriyyəti bu bazara ixrac edilir. İndi Qazaxıstanın Aktau şəhərində böyük logistika bazası yaradılır və orada on min ton məhsulu saxlamaq mümkün olacaqdır. O bazar da bizim üçün çox maraqlıdır. Hesab edirəm ki, bu ilin sonuna qədər bu sahədə də artıq biz real nəticəni görəcəyik. Dövriyyəyə buraxılacaq yeni torpaqlarda bazarların tələbatına uyğun məhsul yetişdirilməlidir. Ona görə burada yüz faiz dövlət nəzarəti və dövlətin rəhbərliyi olmalıdır. Biz yüz minlərlə hektar torpağı dövriyyəyə qatırıq, suvarmanı təmin edirik. Buna milyardlarla vəsait xərclənibdir. Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisinə qoyulan vəsait təqribən 1,5-2 milyard manata yaxındır. Hələ kanalların şaxələndirilməsi, ondan sonra digər tədbirlər var. Nəyə görə? Ona görə ki, imkan yaradaq insanlar daha da yaxşı yaşasınlar, kəndli məhsul yetişdirsin, pul qazansın, biz bu məhsullardan düzgün istifadə edək. Daxili bazarları təmin edək ki, qiymətlər qalxmasın. Xaricə sataq ki, həm sahibkara, həm də dövlətə daha çox pul gəlsin. Ona görə burada mən bir daha demək istəyirəm ki, dövriyyəyə buraxılacaq yeni torpaqlarda heç bir özbaşınalıq ola bilməz. Ancaq bu torpaqlardan dövlətin göstərişi ilə istifadə olunmalıdır. Mən iki nazirliyə göstəriş vermişəm, orada kənar müdaxilə ola bilməz.

Aqroparklar da artıq Azərbaycanda yaradılır. Bu da çox gözəl təşəbbüsdür. Birinci aqroparkın təməli artıq qoyuldu. İri fermer təsərrüfatlarının, taxılçılıqla məşğul olan təsərrüfatların fəaliyyəti genişləndirilir. Pilot layihəsi özünü doğrultdu. Pilot layihəsində məhsuldarlıq 55 sentner idi, - halbuki ölkə üzrə bu rəqəm haradasa 24, bəzi yerlərdə 25-26 sentnerdir, - yəni, iki dəfədən çoxdur. Ona görə də biz bu pilot layihələrini, bu təcrübəni bütün başqa sahələrə də yaymalıyıq ki, məhsuldarlıq artsın. Əgər biz buna nail olsaq, onda mövcud torpaqlarla taxıla, buğdaya olan tələbatımızı özümüz təmin edəcəyik.



Ümumiyyətlə, ixrac - kənd təsərrüfatının ixracı və sənaye məhsullarının ixracı gələcəkdə iqtisadiyyatımızın əsas hərəkətverici qüvvəsi olacaqdır. Çünki ixrac ölkəyə valyuta resurslarını gətirir. Bizim valyuta resurslarının mənbəyi neft-qazdır. Elə etməliyik ki, ərzaq məhsulları, sənaye, tikinti materialları, hazır məhsullar istehsal edək, ixrac edək və biz bu yolla gedəcəyik.

Makroiqtisadi sabitlik daim diqqət mərkəzindədir. İnflyasiya çox aşağı səviyyədədir. Mən keçən il demişdim ki, bu il də inflyasiya birrəqəmli olacaq və birinci rübdə cəmi 2,8 faiz artıb. Bu, çox gözəl göstəricidir.
Bu il sosial infrastruktur layihələrinin icrasi - məktəblərin, xəstəxanaların, uşaq bağçalarının, peşə məktəblərinin tikintisi davam etdiriləcəkdir. İndi buna böyük ehtiyac var. Bu il əlavə üç "ASAN xidmət" mərkəzi açılmalıdır. "ASAN xidmət" mərkəzlərinin sayı səkkizə çatıbdır - dördü Bakıda, dördü rayonlarda. Üç mərkəz tikilir. Hazırda Bakıda dörd mərkəz fəaliyyət göstərir. Gəncə, Sumqayıt, Sabirabad, Bərdə şəhərlərində "ASAN xidmət" mərkəzləri artıq açılıbdır. Hazırda Bakıda daha bir mərkəz tikilir. Qəbələdə və Masallıda da "ASAN xidmət" mərkəzləri tikilir.

Biz ilin birinci rübündə elektroenergetika sahəsində ciddi islahatlar apardıq. "Azərişıq" qurumu yaradılmışdır. "Azərişıq" "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin əsasında qurulubdur və əsas məqsəd rayonlarda elektrik enerjisi ilə təchizatı Bakının səviyyəsinə qaldırmaqdır. Bax, bu idi əsas məqsəd. Çünki son illər ərzində Bakı şəhərində "Bakıelektrikşəbəkə" təşkilatı çox uğurla fəaliyyət göstərirdi. Artıq "Barmek"in dövrü çoxlarının yadından çıxıb. "Barmek" Azərbaycanı nə günə salmışdı?! "Bakıelektirkşəbəkə" o təsərrüfatı öz üzərinə götürənə qədər "Barmek"in təsərrüfatı nə gündə idi?! O günlər çox yaxşı ki, hamının yadından çıxıb. Amma o qaranlıq gecələr hamımızın yadındadır. Yəni, gənc nəsil yəqin ki, bunu xatırlamır, heç xatırlamasa yaxşıdır.

Rayonlarda isə hələ ki, görüləsi işlər çoxdur. Bilirsiniz ki, mən bölgələrdə tez-tez oluram, demək olar ki, hər ay. Elə rayonlar, şəhərlər var ki, orada 10 dəfədən çox olmuşam. Hər halda Azərbaycanda elə bir yer yoxdur ki, mən orada ən azı iki dəfə olmayım. Hər dəfə olanda həm maraqlanıram, həm başqa məlumat mənbələrim var ki, qaz, içməli su, elektrik enerjisi ilə təchizatla bağlı vəziyyət necədir. Bəzi hallarda mənə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri çox müsbət mənzərə təqdim etməyə çalışırlar. Ancaq reallıq ondan ibarətdir ki, bölgələrdə elektrik enerjisi ilə bağlı vəziyyət istədiyimiz səviyyədə deyil. Düzdür, biz indi böyük enerji gücləri, elektrik stansiyaları yaratdıq. Son illər ərzində yaratdığımız enerji potensialı bütün sovet dövründə yaradılan potensialdan böyükdür, ondan çoxdur. Nə qədər elektrik stansiyaları yaradıldı. Onlar olmasaydı, indi bizim iqtisadi, sənaye inkişafımız mümkün olmazdı. Yəni, biz diqqəti bu sahəyə yönəltdik ki, generasiya güclərini yaradaq. Azərbaycanda həm alternativ su elektrik stansiyaları və əsas qaz elektrik stansiyaları tikilmişdir. Amma ötürücü xətlərdə hələ ki, vəziyyət o qədər də yaxşı deyil. Xüsusilə, rayonlarda, kənd yerlərində bir balaca külək əsən kimi dirəklər aşır, işıq verilməsi dayandırılır. Buna dözmək olmaz. Mən dəfələrlə məsələ qaldırmışdım, demişdim, göstəriş vermişdim ki, gedin bu sahəni düzəldin. Bölgələrdə insanlarla görüşlər əsnasında mən onların xahişlərini, problemlərini eşidirdim. Deyirdilər ki, tez-tez işıqlar sönür, tez-tez işıqsız qalırıq. Azərbaycan kimi ölkədə belə vəziyyət dözülməzdir. Ona görə görəndə ki, bu inzibati tədbirlər səmərə vermir, biz struktur islahatlarına keçdik. Əminəm ki, "Azərişıq" yaxın zamanlarda bütün şəhər və rayonlarımızda elektrik enerjisi ilə təminatı Bakının səviyyəsinə qaldıracaqdır. Bu, çox ağır, çətin işdir. İndi böyük səylər göstərilməlidir. Ancaq qarşıya vəzifə qoyulub və mən birinci rübdə bu struktur islahatını xüsusilə vurğulamaq istəyirəm.

Azərbaycanda, o cümlədən Bakıda ekoloji tədbirlər daim aparılır, göllər təmizlənir, ağaclar əkilir, parklar salınır. Bakı indi parklar, bağçalar şəhəridir. Eyni zamanda, bölgələrdə insanları içməli su ilə təmin etmək üçün təmizləyici qurğular yaradılır. Biz içməli su problemini həll etmək üçün üç istiqamətdən istifadə edirik. İlk növbədə, "Azərsu" tərəfindən icra edilən layihələr. Burada da bir neçə şəhərdə artıq içməli su layihəsi başa çatıbdır və bu proses gedir, əhali tərəfindən də çox gözəl qarşılanır. Eyni zamanda, "Meliorasiya və Su Təsərrüfatı" Səhmdar Cəmiyyəti bu işləri görür. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi çaylar boyu yerləşən kəndlərdə təmizləyici qurğular quraşdırır. Bu günə qədər çaylar boyu, xüsusilə Kür, Araz çayları boyu yerləşən kəndlərdə 480 min əhali artıq təmiz içməli su ilə təmin edilmişdir. 292 kənddə müasir təmizləyici qurğular quraşdırılmışdır. Bu vaxta qədər onlar suyu çaydan götürürdülər, duruldurdular, yaxud da ki, kanallardan su içirdilər. Bu, insanların sağlamlığına mənfi təsir göstərirdi. Hazırda 28 kənddə işlər gedir, təmizləyici qurğular quraşdırılır. Bu kəndlərdə 51 min insan yaşayır. Hesab edirəm ki, bu işlər bu ilin sonuna qədər tamamlanmalıdır. Beləliklə, 530 min insan ancaq bu təmizləyici qurğular hesabına içməli su ilə təmin ediləcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti