...

Politoloq: Kerriyə məktub yazanlar əvvəlcə azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarını düşünməlidirlər

Siyasət Materials 14 Aprel 2015 18:57 (UTC +04:00)
ABŞ dövlət katibinə edilən müraciətin müəllifləri əvvəlcə təkidlə heç nəyin olmadığı və hazırda da heç nə baş vermədiyi görüntüsü yaratmağa davam edən qonşu Ermənistandan olan işğalçılar tərəfindən evləri tutulan çoxsaylı azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları barədə düşünməlidirlər.
Politoloq: Kerriyə məktub yazanlar əvvəlcə azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarını düşünməlidirlər

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir Səba Ağayeva/

ABŞ dövlət katibinə edilən müraciətin müəllifləri əvvəlcə təkidlə heç nəyin olmadığı və hazırda da heç nə baş vermədiyi görüntüsü yaratmağa davam edən qonşu Ermənistandan olan işğalçılar tərəfindən evləri tutulan çoxsaylı azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları barədə düşünməlidirlər.

Bunu Trend-ə politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov bir qrup amerikalı ekspert və siyasətçinin Azərbaycanda insan haqları ilə bağlı vəziyyətlə əlaqədar ABŞ dövlət katibi Con Kerriyə müraciətini şərh edərkən deyib.

Onun sözlərinə görə, tutduğu vəzifə və ictimai mövqeyindən asılı olmayaraq, istənilən şəxsin bu və ya digər məsələ üzrə başqa instansiyaya müraciət etmək və narahatlığını ifadə etmək hüququ var: "Lakin burada məsələ müraciəti imzalayanların nədən narahat olmasından ibarətdir. Əgər söhbət müəyyən hərəkətlərinə görə barəsində Cinayət Məcəlləsinin konkret maddələri üzrə cinayət işi açılmış bir qrup insandan gedirsə, çətin ki, bu, saxlanılanların siyasi məhbus olduğunu deməyə əsas verir. Buradan ən geniş nəticə çıxarmaq olar. Lakin müəyyən pozuntular var ki, peşəsindən asılı olmayaraq, bu və ya digər insanı məsuliyyətə cəlb etməyə əsas verir".

Politoloq qeyd edib: "Müraciət kimə ünvanlanıb? Sərhədlərindən kənarda - Yaxın Şərqdə, digər regionların bir sıra ölkələrində - yalnız digər ölkələrin vətəndaşlarının elementar hüquqlarını pozan, işlərinə qarışan, bu və ya digər demokratik dəyərlər üzrə öz yanaşmasını yeridən, çəkinmədən bir çox dövlətlərin daxili işinə qarışan ölkənin dövlət katibinə. Nümunələr o qədər aydındır ki, onları saymağa dəyməz".

Ekspert əlavə edib ki, məlum olduğu kimi, Azərbaycan Prezidenti ildə bir neçə dəfə bir qrup məhbusu əfv edir və bunu görməmək olmaz.

F.Sadıxov "siyasi məhbus" anlayışının izahının zəruriliyini qeyd edib: "Bu mövzu mütəmadi olaraq şişirdilir, müxtəlif elmi simpoziumlarda, ekspertlərin görüşündə müzakirə predmetinə çevrilir və bu məsələ Avropa Şurası Parlament Assambleyasının özündə müzakirə edilib. Bir çox fikirlər var və onlar müxtəlifdir. Lakin bu məsələ ilə əlaqədar vahid mövqe yoxdur. Dünyada hüquq, Cinayət Məcəlləsi və maddələr mövcuddur və onlar üzrə bu və ya digər şəxslər cəzalandırılır. Bunu isə ən müxtəlif formada izah etmək mümkündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti