Azərbaycan, Bakı, 17 aprel /Trend/
Avropa Parlamenti siyasi sifarişlərin poliqonuna çevrilib. Bunu Trend-ə açıqlamasında Avropa Parlamentinin qondarma "erməni soyqırımı"na dair qəbul etdiyi qərarı şərh edərkən "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Emil Hüseynli deyib.
E.Hüseynli bildirib ki, əgər belə olmasaydı, Avropa Parlamenti 1915-ci il hadisələri ilə bağlı arxivlər açılmadığı, tarixçilərin qəti bir qərara gəlmədiyi halda qərəzli, iki standartlara söykənən qərar verməzdi: "Görünür, güclü erməni lobbisi Avropa Parlamentinin də mətbəxinə "baş vurmağı" bacarıb".
QHT rəhbəri hesab edir ki, Avropa Parlamenti siyasi sifarişlərin poliqonuna çevrilməsəydi, 1918-ci ildə Bakı, Quba, Şamaxı və Azərbaycanın digər ərazilərində erməni terroçular tərəfindən on minlərlə azərbaycanlının qətlinin törədilməsi, çox da uzaq keçmişdə olmayan Xocalı soyqırımı haqqında heç olmasa müzakirələr, dinləmələr təşkil edərdi.
E.Hüseynlinin sözlərinə görə, Türkiyəyə, Türk dünyasına bu cür qərarlarla hər hansı təzyiq etmək qeyri-mümkündür: "Avropa Parlamentinin haqsız olaraq antitürk təbliğatı onu nüfuzdan salır, real tarixi təhrif edən qərarlar verməsi obyektivlikdən uzaq salır".
QHT rəhbəri hesab edir ki, Avropa Parlamentinin antitürk "qərarları" Türkiyəni və onun yanında olan Azərbaycanı bu qurumla münasibətlərinə yenidən baxmağa vadar edə bilər: "Artıq Azərbaycan rəsmiləri də öz mövqelərində bu məsələyə toxunublar".
QHT rəhbəri: Avropa Parlamenti siyasi sifarişlərin poliqonuna çevrilib
Avropa Parlamenti siyasi sifarişlərin poliqonuna çevrilib.
