Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İlkin İzzət/
Bu gün Türkiyənin paytaxtı Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri rəhbərlərinin birinci görüşü keçirilib. Bu barədə Trend Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəsmi saytına istinadən məlumat verir.
Görüşdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Baş Qərargahının rəisi ordu generalı Necdet Özel və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vaxtanq Kapanadze iştirak ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, görüşdə hərbi sahədə üçtərəfli formatda əməkdaşlığın aparılması, regional sabitlik və təhlükəsizlik məsələlərinin müzakirəsi, o cümlədən enerjidaşıyıcılar, dəmiryol xətti və digər regional layihələrin təhlükəsizliyinin təmin edilməsi istiqamətində vəzifələrin müəyyənləşdirilməsi və onların praktiki icra mexanizmlərinin müəyyən edilməsi, eləcə də görüşün yekunlarına dair protokolun imzalanması planlaşdırılır.