...

Erməni həyasızlığının hədsizliyi

Siyasət Materials 12 İyul 2015 08:30 (UTC +04:00)
1 illik girovluq həyatı...Arxada qalan 365 günün tarixi - iki soydaşımzın erməni əsirliyində işgəncələr içində keçirdikləri ömürlərinin son bir ili.
Erməni həyasızlığının hədsizliyi

Azərbaycan xəbərlər xidməti

Mətanət Əliyeva - Trend:

1 illik girovluq həyatı...Arxada qalan 365 günün tarixi - iki soydaşımzın erməni əsirliyində işgəncələr içində keçirdikləri ömürlərinin son bir ili. Ürək ağrısı və təəssüf hissilə qeyd edirəm ki, iki soydaşımızın erməni girovluğunda bu faciəli günləri hələ naməlum tarixədək davam edəcək...

Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında girov götürülməsindən artıq bir il ötür. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən və Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən soydaşlarımız D.Əsgərov və Ş.Quliyev hazırda Şuşa həbsxanasında saxlanılırlar.

Bir qədər keçmişə nəzər salaq. Bir il əvvəl D.Əsgərov və Ş.Quliyev və Həsən Həsənov Kəlbəcərə yaxınlarının məzarlarını ziyarət etməyə getmişdilər. O vaxt D.Əsgərov və Ş.Quliyev tutuldular, H.Həsənov isə qətlə yetirildi. H.Həsənovun meyidini vermək istəməyən ermənilər əvvəlcə onun Xankəndində dəfn edildiyini deyirdilər. Lakin Azərbaycan tərəfinin apardığı israrlı danışıqlardan sonra H.Həsənovun meyidinin qalıqları bir müddət sonra verildi.

2014-cü ilin dekabr ayında kəlbəcərli girovlarla bağlı qondarma məhkəmə prosesi keçirildi. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum etdi.

Girovların azad edilməsi ilə bağlı bir çox beynəlxalq qurumlara müraciətlər edilib. O cümlədən Avropa İnsan Haqları Məhkəməsinə. Lakin hələlik bu müraciətlərə cavab verilməyib.

Soydaşlarımızla əlaqə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsi ilə saxlanılır. Komitənin nümayəndələri soydaşlarımıza ailələrinin məktublarını çatdırırlar. Girovlara baş çəkən Komitə təmsilçiləri eyni zamanda, onların məktublarını ailələrinə də çatdırırlar.

Azərbaycanın əzəli torpağı olan Kəlbəcərdə girov götürülən soydaşlarımız ilk gündən ermənilər tərəfindən qeyri-insani münasibətlə qarşılaşıblar. Bu barədə rəsmi Bakı dəfələrlə etiraz mövqeyini bəyan etsə də, hədd-hüdud bilməyən erməni vəhşilyi bu dəfə də azərbaycanlılara qarşı öz gerçək simasını göstərməkdədir.

Cenevrə konvensiyalarına əsasən nə zaman və harada olmasından asılı olmayaraq, mülki şəxslərin girov götürülməsi qadağandır. D.Əsgərov və Ş.Quliyevi ən qəddar fiziki işgəncələrə məruz qoyan ermənilər qurama məhkəmə prosesi ilə onları eyni zamanda, mənəvi və psixoloji işgəncələrə də məruz qoyublar. Belə məsuliyyətsiz davranışı, mövqeyi ilə Ermənistan beynəlxalq humanitar hüquqa əsasən daşıdığı hüquqi məsuliyyətə məhəl qoymur. Bununla yanaşı, işğalçı ölkə beynəlxalq ictimaiyyətin, eyni zamanda, münaqişənin həllində vasitəçi olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin girovların azad edilməsi ilə bağlı çağırışlarına, humanizm prinsiplərinə əhəmiyyət vermədiyini bir daha bütün dünyaya nümayiş etdirərək öz gerçək üzünü göstərir.

Əslində, soydaşlarımızla bağlı keçirilən qondarma məhkəmə prosesi ilə ermənilər özlərini bir daha biabır etdilər. Çünki nə Dağlıq Qarabağda ermənilərin elan etdiyi dövlət, nə də onların qurduqlarını iddia etdikləri qondarma strukturların çıxarmış olduqları qərarlar heç bir dövlət tərəfindən tanınmır. Çünki həmin qərarlar hüquqi mahiyyət kəsb etmir.

Dağlıq Qarabağda qurulan qondarma separatçı rejim və Ermənistan üzərinə düşən məsuliyyəti ört-basdır etməyə çalışır. Hər zamankı kimi, Azərbaycana qarşı söylədikləri yalanlarla, atdıqları böhtanlarla ermənilər işğalçı mövqelərini gizlətməyə səy göstərirlər.

Rəsmi Bakı soydaşlarımıza qarşı edilən işgəncə faktları ilə bağlı mövqeyini açıqlayaraq bildirmişdi ki, Ermənistan beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan təxribatçı fəaliyyətinə son qoymalı, girov götürülmüş şəxsləri dərhal azad etməlidir: "Ermənistan silahlı qüvvələri tərəfindən girov görürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə təmaslar davam etdiriləcək".

Soydaşlarımız erməni girovluğunda. Bu halın nə vaxta kimi davam edəcəyi və nə zaman bitəcəyi bəlli deyil. Belə naməlum sonsuzluq mövcudluğu işğalçı ermənilərin münaqişənin həllində sülhə nail olunmasını istəmədiklərini bir daha təsdiq edir. Acından küçələrə axışan ermənilərin qeydinə qalmayan Ermənistan höküməti hələ bir üz qızardaraq işğalçı siyasətini yürütmək iddiasındadır. Belə yerdə deyirlər - özünə umac ova bilməyən bədbəxt, zavallı ermənilərin könlündən hələ bir utanmaz utanmaz aşnalarına əriştə kəsmək keçir. Nə deyəsən?

Erməni həyasızlığının hədsizliyi...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti