Azərbaycan, Bakı, 29 iyul /Trend/
Xarici işlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycandakı səfiri Rafael Harpazı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə olunub.
R.Harpaz diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin genişlənməsi üçün səylərini əsirgəmədiyini vurğulayıb.
E.Məmmədyarov Azərbaycanla İsrail arasındakı əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə səfirə öz təşəkkürünü bildirib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.
X X X
Bu gün E.Məmmədyarov Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviçi də diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Görüş zamanı Azərbaycanla Belarus arasındakı münasibətlərin inkişafında hər iki ölkənin liderlərinin xüsusi rolu qeyd olunub. Azərbaycan və Belarus xalqlarının iradəsi əsasında iki ölkə arasında əməkdaşlığın siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
N.Patskeviç son 10 ildə Azərbaycanda yüksək inkişafın şahidi olduğunu bildirərək, Birinci Avropa Oyunlarının mükəmməl səviyyədə təşkil olunduğunu deyib. Həmçinin, səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.
E.Məmmədyarov Azərbaycanla Belarus arasındakı münasibətlərin inkişafına verdiyi töhfələrinə görə N.Patskeviçə təşəkkürünü ifadə edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.