...

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında gənclərin rolu

Siyasət Materials 7 Sentyabr 2015 16:25 (UTC +04:00)
Ümummilli liderin ifadə etdiyi “iki dövlət, bir millət” prinsipinə sadiq qalaraq Azərbaycan-Türkiyə əlaqələrinin dinamik inkişafı hər iki millətin rifahına, iqtisadi, siyasi və mədəni sahədə qarşılıqlı maraqlarının təminatına xidmət etməkdədir.
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında gənclərin rolu

Trend-i buradan izləyin

Babək Məmmədzadə - Yeni Azərbaycan Partiyası Gənclər Birliyi İdarə heyətinin üzvü

Ümummilli liderin ifadə etdiyi "iki dövlət, bir millət" prinsipinə sadiq qalaraq Azərbaycan-Türkiyə əlaqələrinin dinamik inkişafı hər iki millətin rifahına, iqtisadi, siyasi və mədəni sahədə qarşılıqlı maraqlarının təminatına xidmət etməkdədir. Gənclərin dövlətçilik maraqlarına xidmət göstərməsində, milli məfkurənin və yüksək vətənpərvərlik ruhunun aşılanmasında dövlət rəhbərlərinin rolu əvəzolunmazdır. Ümumilli liderin əsasını qoyduğu gənclər siyasəti məhz bu amalı özündə ehtiva edir və iki millətin gənclərinin birlikdə səmərəli fəaliyyət göstərməsi üçün zəmin yaradır.

Təsadüfi deyil ki, bu münasibətlərin sabit inkişafına hər iki dövlətin məsul gənclər təşkilatları da xüsusi töhfə verir. Bu yaxınlarda YAP Gənclər Birliyinin Ankara səfəri ikitərəfli münasibətlərdə gənclərin rolunu önəmsəyir. Hər iki tərəfdən gənclərin məsul şəxslərlə görüşü və ikitərəfli maraqlara xidmət edən məsələlərin müzakirəsi gənclərin bu missiyada önəmli rolunu göstərir. Səfər çərçivəsində Türkiyə Xarici İşlər Naziri Mövlut Çavuşoğlu və TBMM-nin sədri İsmət Yıldız cənabları ilə görüşlər səfərin əhəmiyyətini əyani şəkildə nümayiş etdirir.

Azərbaycan və Türkiyə gənclərinin müxtəlif mübadilə proqramlarında və elmi konfranslarda iştirakı, hər iki dövlət üçün önəmli hadisələrin birgə anılması bu münasibətlərin siyasi maraqlara xidmət etdiyini deyil, eyni dil və kökə sahib olan iki millətin xoş və acı xatirələrini paylaşması, bir-birini müxtəlif məzmunda dəstəkləməsi kimi anlaşılır. Təhsil və mübadilə proqramları hər iki dövlətin mənafelərinə xidmət etməklə yanaşı, gənclərin milli ruhda böyüməsinə yardımçı olur. Qururverici haldır ki, gənclər birgə tarixin araşdırılmasında birbaşa iştirak edir və arxiv sənədləri əsasında öz tarixini elmi cəhətdən araşdırır. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Azərbaycan tarixini araşdıran türk tələbələrin mövcudluğu və Türkiyə təhsil müəssisələrində Azərbaycanlı tələbələrin və doktorantların nailiyyətləri bu millətin insan kapitalının dəyərindən xəbər verir.

Xocalı soyqrımının ildönümü ilə əlaqədar ölkə hüdudlarından kənarda tədbirlərin təşkilində Azərbaycan-Türk gənclərinin əməyi danılmazdır. Bununla yanaşı, Çanaqqalada şəhid olmuş Türk əsgərlərinin zəfərinin xatirəsinə həsr olunmuş tədbirlər mütəmadi olaraq təşkil edilir. Qondarma erməni soyqrımının tanınmasına etiraz olaraq dinc etiraz aksiyalarının keçirilməsi də birgə fəaliyyətin məhsulu kimi dəyərləndirilir.

Bakı 2015 İlk Avropa Oyunlarında Türkiyə tərəfinin geniş tərkibdə iştirakı və Azərbaycan-Türkiyə idmançılarının qalib gələrkən hər iki bayraqla meydana çıxması birgə düşüncənin və ruhun təzahürü kimi qiymətləndirilir.

Digər sahələrdə olduğu kimi təhsil sahəsində dinamik əlaqələrin mövcudluğu hər iki ölkənin gəncləri arasında səmərəli münasibətlərin davamlılığına şərait yaradır. Gələcəkdə gənclərin hər iki ölkənin siyasi həyatında qərarverici gücə çevriləcəyini nəzərə alaraq bu münasibətlərin iki ölkə arasında əməkdaşlığın gələcəyi üçün nəzərəçarpacaq dərəcədə əhəmiyyətli olduğu anlaşılır.

Bu düşüncədən çıxış edərək əminəm ki, bizim kimi gənclər ikitərəfli münasibətlərin gənclər sektorunda davamlı inkişafına töhfə verməklə yanaşı, bu sahədə beynəlxalq təcrübənin mühitə uyğunlaşdırılmış formasının tətbiqi ilə eyni dil və düşüncəyə malik gənclərin ortaq fəaliyyətinə müsbət təsir edəcək və gələcəyə baxışını formalaşdırmaqda yardımçı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti