...

Rəfael Cəbrayılov: Avropada miqrant böhranı neomüstəmləkəçi siyasətin bumeranq effektidir

Siyasət Materials 9 Sentyabr 2015 12:44 (UTC +04:00)
“Bu gün Avropaya üz tutan miqrantları qaçqın vəziyyətinə elə Avropanın özü salıb".
Rəfael Cəbrayılov: Avropada miqrant böhranı neomüstəmləkəçi siyasətin bumeranq effektidir

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Bu gün Avropaya üz tutan miqrantları qaçqın vəziyyətinə elə Avropanın özü salıb".

Bunu Trend-ə Milli Məclisin deputatı Rəfael Cəbrayılov Prezident İlham Əliyevin iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışını şərh edərkən deyib.

R.Cəbrayılov bildirib ki, bu gün Avropaya üz tutan qaçqınların vətənləri Avropa dövlətləri, o cümlədən NATO və ABŞ tərəfindən bombalanır: "Avropada miqrant böhranı neomüstəmləkəçi siyasətin bumeranq effektidir. O insanları qaçqın vəziyyətinə elə Avropanın özü salıb. Yəni həmin ölkələrdəki sabit siyasi sistemlər "ərəb baharı", "maydan hərəkatı", "zanbaq inqilabı" kimi adlar altında zorakı üsullarla devrilir, yerli iqtisadiyyat dağıdılır, dövlətlərin ərazi bütövlüyü pozulur, milli sərvətləri isə transmilli korporasiyalar tərəfindən talan edilir. Bu da bumerank effekti verib".

R.Cəbrayılov qeyd edib ki, belə açınacaqlı vəziyyətin yaranması gözlənilən idi: "Çünki burada konkret bir ölkədən söhbət getmir. Söhbət Afrikada, Yaxın Şərqdə ölkələrin davamlı olaraq bombalanmasından gedir ki, burada da qaçqın problemi qaçılmaz olaraq meydana çıxacaqdı. Qərb dövlətləri onları o vəziyyətə saldı və indi də qaçqın probleminin aradan qaldırılmasında öndə olmalıdır. Çünki bu problem ümimilikldə dünyanın sabit inkişafını təhdid altına qoyur".

Millət vəkili vurğulayıb ki, hazırda dünya elə bir inkişaf səviyyəsinə gəlib çatıb ki, sabitlik supergüclərə nə siyasi, nə də maddi divident gətirir: "Buna görə də supergüclər heç vaxt siyasi sabitlik arzulamayıblar. Çünki bu və ya digər formada hansısa ölkədə münaqişə ocağının yaradılması supergüclərə həmin ölkəyə həm öz iradəsini diktə etməyə imkan verir, həm də silah satışından tutmuş digər formalarda gəlir əldə etməyə imkan verir. Münaqişə ocağı supergüclərin həmin regionda söz sahibi olmasına səbəb olan bir haldır. Bu baxımdan da onlar təkcə Afrika, Yaxın Şərq ölkələrində deyil, bütün ölkələrdə münaqişələr yaratmağa çalışırlar".

R.Cəbrayılov qeyd edib ki, Avropanın, ABŞ-ın bəzi dairələri siyasi sabitliyin hökm sürdüyü Azərbaycanda da sabitliyi pozmağa çalışır, antiazərbaycan kampaniyası aparırlar: "Amma onların bu çirkin məqsədlərinə nail ola biləcəklərini düşünmürəm. Çünki Azərbaycan xalqı müdrik xalqdır. Təəssüf ki, içimizdə adlarını müxalifət, hüquq müdafiəçisi, QHT qoyan bəzi antimilli təşkilatlar var. Amma xalqımız dövlət və ölkə Prezidentinin ətrafında sıx birləşib və xalqı bu cür ucuz təxribatlara sürükləmək mümkünsüzdür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti