...

Avropa Parlamenti öz maraqlarını üstün tutaraq çirkin layihələr həyata keçirməklə ciddiliyini itirir

Siyasət Materials 16 Sentyabr 2015 12:42 (UTC +04:00)
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə Azərbaycan gəncliyini narahat edir. Qətnamənin sifarişlə yazıldığı və qəbul edildiyi hər birimizə məlumdur. Avropa Parlamenti öz maraqlarını üstün tutaraq, çirkin layihələr həyata keçirməklə ciddiliyini tamamilə itirir.
Avropa Parlamenti öz maraqlarını üstün tutaraq çirkin layihələr həyata keçirməklə ciddiliyini itirir

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə Azərbaycan gəncliyini narahat edir. Qətnamənin sifarişlə yazıldığı və qəbul edildiyi hər birimizə məlumdur. Avropa Parlamenti öz maraqlarını üstün tutaraq, çirkin layihələr həyata keçirməklə ciddiliyini tamamilə itirir.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin koordinatoru Elmar Məmmədov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi son qətnaməyə münasibət bildirərkən deyib.

E.Məmmədoiv bildirib ki, bizim ölkəyə olan "marağı" hər dəfə beynəlxalq və ya ölkədaxili siyasi hadisələr ərəfəsində pik həddinə çatır: "Bu, "Eurovision" və tarixdə ilk Avropa Oyunları ərəfəsində olub, indi də parlament seçkiləri ərəfəsində baş verir. Maraqlısı odur ki, Azərbaycanla bağlı bütün qətnamələr eyni qrup şəxs tərəfindən hazırlanır. Ulrike Lunaçek, Mariya Şaake, Kati Piri, Anna Qomeş kimi deputatlar hər dəfə bu qətnamələrin "müzakirə"sində iştirak edirlər. Bu deputatlar Avropa Parlamentinin divarları daxilində anti-Azərbaycan strategiyasının bələdçiləri və icraçılarıdırlar. Yeri gəlmişkən, həmin müzakirələr ən yaxşı halda cəmi 15 dəqiqə davam edir. Avropa Parlamentinin deputatlarını heç bu da hiddətləndirmir ki, qərarlarına böyük əhəmiyyət verdikləri Avropa Məhkəməsi ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin, həmçinin qətlə yetirilən Həsən Həsənovun qohumları adından bu ilin yanvar ayından verilmiş şikayətləri icraatına qəbul etmir. Belə iyrənc manipulyasiyalar nəticəsində 20 ildən çox müddətdə təcavüzdən əziyyət çəkən Azərbaycanın özü təcavüzkar kimi göstərilir, atdığı addımlar nəticəsində bir milyon insanın qaçqın və köçkünə çevrilməsinə səbəb olan Ermənistan isə günahsız qurban kimi qələmə verilir. Budurmu insan haqları? Demokratiya?"

E.Məmmədov qeyd edib ki, son illərin təcrübəsi göstərir ki, Qafqazda yeganə müstəqil müsəlman respublikası olan Azərbaycanın sürətli inkişafı Qərbin müəyyən dairələrinin ürəyincə deyil: "Xüsusilə respublikamızın iqtisadi, hərbi, siyasi cəhətdən regionun lider dövlətinə çevrilməsi Avropanın sinirlərinə toxunur. Onları, necə deyərlər, hövsələdən çıxarır. Bədxahlarımız qəbul edə bilmirlər ki, bəs necə olur Azərbaycan kimi ərazicə kiçik bir respublika Avropanın enerji mənbəyi olan ölkələr sırasında nüfuzlu yerlərdən birini tutur? Regionda, hələ üstəlik qitədə söz sahibidir, müstəqil siyasət yeridir, öz aralarında nüfuz davası aparan böyük dövlətlərin bir-birinə qarşı tətbiq etdikləri sanksiyalara qoşulmur. Şimali Qafqazı barıt çəlləyinə, Ərəbistanı vətəndaş müharibəsinə, Türkiyəni terror məkanına çevirə bildilər. Amma Azərbaycana bunu edə bilmədilər. Çünki Azərbaycanın cənab İlham Əliyev kimi qüdrətli ölkə başçısı var".

O sonra əlavə edib ki, indiki Ermənistanda, Qarabağda azərbaycanlılar dədə-baba torpaqlarından işgəncə ilə qovuldular, öldürüldülər: "Xocalıda kütləvi soyqırıma məruz qaldılar. 1 milyon soydaşımız didərgin salındı. Avropa Parlamenti, indi dili boğaza qoymayan "hüquq müdafiəçiləri" ağızlarına su alıb susdular. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, indiki dövlət başçısı Serj Sarkisyan Avropanın yüksək kürsülərindən Qarabağda azərbaycanlıların qətliamının təşkilatçıları olduqlarını, əllərinin azərbaycanlıların qanına batdığını fəxrlə elan etdilər. Bu etirafın özü elə bir məhkəmə işinin açılmasına bəs edərdi. Nə oldu? Nəinki məhkəmə açılmadı, heç millətimizin qatillərinə "gözün üstə qaşın var" deyən də olmadı. Belə çıxır ki, 1 milyon qaçqın və məcburi köçkünümüzün hüquqları bir Xədicə İsmayılın hüququna dəyməzmiş! Belə çıxır ki, Ermənistan rəhbərləri azərbaycanlıların başını kəsə, qarnını yara, dərisini soya bilər. Amma Azərbaycan məhkəməsi cinayətkar vətəndaş haqqında cəza qərarı verə bilməz. Çox qəribə və iyrənc paradoks, münasibətdir".

E.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyev belə münasibətin səbəblərini çox dəqiq izah edir: "Bu gün Azərbaycan dünya miqyasında müasir, dünyəvi inkişafda olan, açıq, tolerant bir dövlətdir. Biz kimə mane oluruq? Ancaq o dairələrə ki, hər yerə hakim olmaq, hər yerdə "marionetka" görmək istəyirlər. Ləyaqətli, öz xalqına güvənən, xalq tərəfindən dəstəklənən siyasətçiləri artıq görmək istəmirlər". "Marionetka" düzəltmək istəyənlər, Azərbaycana qarşı münasibətdə ünvanı səhv salıblar. Azərbaycanda hər şey xalqın iradəsi ilə həll olunur, xarici dairələrin təhriki ilə yox. Azərbaycan xalqı bütün bu çirkin niyyətlərə yox dedi. Azərbaycan iqtidarını dəstəklədi və bu gün də dəstək bizim güc mənbəyimizdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti