...

Əli Əhmədov: Avropa Parlamenti antiazərbaycan mərkəzinə çevrildiyini gizlətmir

Siyasət Materials 16 Sentyabr 2015 17:29 (UTC +04:00)
Avropa Parlamenti açıq şəkildə antiazərbaycan mərkəzinə çevrildiyini gizlətmək belə istəmir.
Əli Əhmədov: Avropa Parlamenti antiazərbaycan mərkəzinə çevrildiyini gizlətmir

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Avropa Parlamenti açıq şəkildə antiazərbaycan mərkəzinə çevrildiyini gizlətmək belə istəmir. Trend-in məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov hakim partiyanın saytına müsahibəsində deyib.

O, qeyd edib: "Müdriklərin bir yanaşması var: bir dəfə dedin inandım, ikinci dəfə dedin şübhələndim, üçüncü dəfə dedin - artıq inanmıram. Avropa Parlamenti Azərbaycana qarşı görün neçənci, yumşaq desək, qeyri-obyektiv qətnaməsini qəbul edir. Qərəz təkcə məlum qətnamələrin məzmununda deyil, həm də Avropa Parlamentinin davranışının mahiyyətindədir. Bu qurum açıq şəkildə antiazərbaycan mərkəzinə çevrildiyini gizlətmək belə istəmir. İstənilən halda qərəzin cavabı qəzəb olub. Bu gün Azərbaycanda Avropa Parlamentinə qarşı böyük bir qəzəb müşahidə olunur".

Ə.Əhmədovun sözlərinə görə, heç bir xalq razı olmaz ki, onun ölkəsi xaricdən müəyyən edilmiş qaydalarla idarə olunsun: "Avropa Parlamenti isə çalışır ki, müstəqil dövlətlərə davranış qaydaları öyrətsin".

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan əməkdaşlıq ideyasının əleyhinə deyil: "Bəlkə də bizim ölkəmiz əməkdaşlığa ən çox hazır olan ölkələrdən biridir. Lakin hər bir əməkdaşlıq qarşılıqlı olmalıdır. Avropa Parlamentinin Azərbaycana qarşı açıq hiss olunan qərəzli mövqeyi əməkdaşlıq imkanlarını heçə endirir. Nəzərə alsaq ki, Avropa strukturları ilə illərdir davam edən əməkdaşlıqdan Azərbaycan indiyədək heç nə qazanmayıb, ələlxüsus Dağlıq Qarabağ məsələsində ciddi ədalətli dəstək əldə edə bilməyib, onda sözügedən əməkdaşlığın pozulmasında itirəcəyimiz də yoxdur".

O, qeyd edib ki, Avropa Parlamenti, digər Avropa qurumları Azərbaycana qarşı qərəzli mövqelərini saxladıqca, Azərbaycanı o qədər özlərindən uzaqlaşdırmış olacaqlar: "Qeyri-qanuni yollarla hansısa qrupları və ya şəxsləri müdafiə etmək, "5-ci kolon"a çevirmək cəhdlərini düzgün və ədalətli saymıram. Avropa Parlamenti unutmamalıdır ki, Azərbaycanın öz dövlət və milli maraqlarını qorumaq haqqı var və bu haqqını heç kimə vermək niyyətində deyil. Avropa Parlamenti bir də onu nəzərə almalıdır ki, Azərbaycan haqqında yerli-yersiz ədalət və obyektivlikdən uzaq qətnamələr qəbul etməklə özünü və qətnamələrini gözdən salır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti