...

Millət vəkilindən Avronest-in həmprezidentinə cavab

Siyasət Materials 21 Sentyabr 2015 13:33 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin deputatı Rauf Əliyev Avronest Parlament Assambleyasının həmprezidenti, Avropa Parlamentinin Finlandiyadan olan üzvü xanım Heidi Hautalanın Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə cavab verib.
Millət vəkilindən Avronest-in həmprezidentinə cavab

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Milli Məclisinin deputatı Rauf Əliyev Avronest Parlament Assambleyasının həmprezidenti, Avropa Parlamentinin Finlandiyadan olan üzvü xanım Heidi Hautalanın Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə cavab verib.

R.Əliyevin sözlərinə görə, H.Hautala müsahibədə deyir ki, "Avronesti tərk etmək Azərbaycan xalqının maraqlarında" deyil: "Onda sual yaranır. Niyə Azərbaycan Avronestə üzv olduqdan sonra bu qurumun, eləcə də Avropa Parlamentinin iclaslarında Azərbaycan xalqının, dövlətinin maraqlarını müdafiə edən heç bir sənəd qəbul olunmayıb? Əksinə, ələlxüsus son dövrlərdə bu qurumlar Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasında bir alətə çevriliblər".

Avronest-in həmprezidentinin "Ortaq dəyərlər olmadan əməkdaşlıq ola bilməz" fikrinə gəlincə isə, R.Əliyev deyib ki, H.Hautaladan soruşmaq lazımdır ki, görəsən, o hansı ortaq dəyərləri nəzərdə tutur?

Deputat qeyd edib ki, əgər söhbət insan hüquq və azadlıqlarından, cəmiyyətdə mövcud olan tolerantlıqdan gedirsə, bu dəyərlərlə Azərbaycan artıq dünyada nümunə göstərilə bilən bir dövlətə çevrilib: "Dağlıq Qarabağ problemi ilə bağlı xanım Heidi Hautala bildirir ki, Avropa Parlamenti Dağlıq Qarabağın işğalını inkar etmir. Sual olunur - o zaman niyə uzun illərdir ki, bu qurumlar Ermənistanın Azərbaycan ərazilərinin işğalını qınayan, Ermənistanı birbaşa təcəvüzkar adlandıran qətnamə qəbul etməyiblər? Niyə işğal olunmuş torpaqlardan qovulmuş bir milyondan çox azərbaycanlının pozulmuş hüquqları müdafiə olunmur?"

R.Əliyev bildirib ki, H.Hautala Bakı-2015 Avropa Oyunları ərəfəsində deputatların Bakıya getməsinə qadağa qoyulması ilə əlaqədar Avropa Parlamentinin sədri Martin Şultsun tapşırığının doğru olmadığını deyir: "Bəs onda İlk Avropa Oyunlarının başlanmasına 9 gün qalmış cənab Şultsun təşəbbüsü ilə Avropa Parlamentinin Birinci Avropa Oyunlarının baykot edilməsi ilə bağlı qətnaməsini başqa cur necə qiymətləndirmək olar? Qətnamənin Erməni lobbisinin təsiri ilə qəbul edilməsi barədə suala cavabında həmprezident bildirir ki, bu doğru deyil. Qətnamə bir qrup siyasi məhbusun riskli durumları ilə bağlı qəbul edilib. Çox maraqlıdır, bir neçə şəxsin yol verdikləri konkret cinayət əməllərinə görə cəzalandırılmasının bu qədər siyasiləşdirilməsi kimə və niyə lazımdır? Əlbəttə, bu bir bəhanədir. Avropa Parlamentinin bu qətnaməni qəbul etməkdə əsas məqsədi Azərbaycanın son illərdə beynəlxalq aləmdə artan nüfuzuna zərbə vurmaq, özlərinin istədikləri kimi idarə olunan bir dövlətə çevirməkdir".

Deputat qeyd edib ki, Azərbaycan artıq öz cavabını verib: "Azərbaycan ancaq ona qarşı bərabər hüquqlu tərəfdaş kimi münasibətləri hiss etdikdə, bu qurumlarla əməkdaşlığın davam etdirilməsi məsələsinə baxa bilər. Azərbaycan müstəqil bir dövlət kimi bütün dövlətlərlə, müxtəlif beynəlxalq təşkilatlarla bərabər hüquqda, qarşılıqlı əməkdaşlıq şəraitində əlaqələrini davam etdirir. Bu, ancaq belə də olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti