Azərbaycan, Bakı, 23 sentyabr /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də İtaliyanın Snam şirkətinin baş icraçı direktoru Karlo Malakarnenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Karlo Malakarne Azərbaycana ilk dəfə səfər etdiyini və qısa zamanda Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin onlarda dərin təəssürat yaratdığını dedi.
Dövlətimizin başçısı bu səfər zamanı İtaliyanın Snam şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə əməkdaşlıqla bağlı məsələlərin müzakirə olunacağına və iki şirkət arasında imzalanacaq Anlaşma Memorandumunun bu əməkdaşlığın perspektivlərini müəyyənləşdirəcəyinə ümidvar olduğunu bildirdi.
Karlo Malakarne rəhbərlik etdiyi şirkətin Avropada aparıcı infrastruktur operatorlarından olduğunu vurğulayaraq Snam şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə əməkdaşlıq etməsindən məmnunluğunu ifadə etdi. O, bu əməkdaşlığın təkcə İtaliya deyil, Avropa səviyyəsində qaz təchizatı baxımından önəmini vurğuladı.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verdiyini söyləyən dövlətimizin başçısı bu istiqamətdə İtaliyanın Snam şirkəti ilə Azərbaycan arasında müxtəlif sahələrdə güclü əməkdaşlığın həyata keçirilməsinin mümkün olduğunu dedi.
Avropanın qaz təchizatı sahəsində rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə məlumat verən qonaq Azərbaycanın Avropanın yeni qaz təchizatçısı kimi önəmini diqqətə çatdırdı.
"Cənub" qaz dəhlizinin bütün tərəflər üçün çox əhəmiyyətli layihə olduğunu vurğulayan Prezident İlham Əliyev Azərbaycanın bu istiqamətdə aparıcı rol oynadığını qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycanın təşəbbüsü ilə irəli sürülən TANAP layihəsinin əhəmiyyətinə toxunaraq bildirdi ki, ölkəmiz "Cənub" qaz dəhlizinin bütün seqmentlərində fəal təmsil olunur. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın gələcəkdə qaz təchizatçısı kimi rolu daha da artacaq.
Görüşdə İtaliyanın Snam şirkəti ilə əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.