Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/
Müsavat Partiyasından Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkilərə namizəd olan Arzu Səmədbəylinin namizədliyinin qeydə alınması üçün təqdim etdiyi imzaların 117-si etibarsız hesab edilib.
Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib.
Qeyd edilib ki, 8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyini irəli sürmüş A.Səmədbəyli namizədliyinin qeydə alınması üçün 547 imza təqdim edib. Lakin onun təqdim etdiyi imzalardan 117-si etibarsız hesab edilib. Yerdə qalan imzalar isə namizədliyin qeydə alınması üçün kifayət deyil.
Bu səbəbdən MSK dairə seçki komissiyasının A.Səmədbəylinin namizədliyini qeydə almaqdan imtina ilə bağlı qərarını qüvvədə saxlayıb.
Daha sonra Müsavat Partiyasının Divan üzvü Vəfa Abbasovanın (Cümşüdlü) deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı müraciətinə baxılıb. MSK üzvü Tofiq Həsənov bildirib ki, araşdırma nəticəsində V.Abbasovanın təqdim etdiyi 550 imzadan 133-ü etibarsız hesab edilib, 44 saylı Sumqayıt seçki dairəsinin V.Abbasovanın namizədliyini qeydə almaqdan imtina ilə bağlı qərarı qüvvədə saxlanılıb.