...

Nazirlərin aylıq hesabat xarakterli konfranslarının bərpa olunmasına YAP-dan açıqlama

Siyasət Materials 22 Oktyabr 2015 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Elmir Murad/

Əvvəllər nazirlərin, komitə sədrlərinin aylıq hesabat xarakterli keçirdikləri mətbuat konfransları bərpa oluna bilər. Bunu Trend-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib.

Uzun müddət jurnalistlərin nazir və komitə sədrləri ilə birbaşa əlaqə yarada bilmədiyini deyən YAP rəsmisi sözügedən kampaniyanın dayandırılmasının səbəbini belə izah edib: "Mətbuat konfranslarının məqsədi ölkədə informasiya qıtlığının aradan qaldırılması və Kütləvi İnformasiya Vasitələri nümayəndələri ilə yüksək vəzifəli şəxslər arasında əlaqənin yaradılması olub. Xatırlayırsınızsa, bir zamanlar KİV nümayəndələri informasiyanı birinci şəxsdən deyil, yalnız mətbuat xidmətlərindən ala bilirdilər. YAP bunu aradan qaldırmaq məqsədi ilə partiyanın qərərgahında qurumların birinci şəxsləri ilə mətbuat konfransları təşkil etməyə başladı. Hesab edirəm ki, uzun bir dövr ərzində bu kampaniyada biz məqsədimizə nail ola bildik".

YAP sözçüsü qeyd edib ki, artıq Azərbaycanda nazirlər, şirkət rəhbərləri, komitə sədrləri ilə KİV nümayəndələri arasında əlaqə yaradılması çətin deyil. H.Paşayev bildirib ki, məmurlar tez-tez media ilə görüşürlər, mətbuat nümayəndələri istədikləri məsələnin şərhini, açıqlamasını, suallarının cavablarını nazirlərdən, komitə sədrlərindən ala bilirlər.

Amma buna baxmayaraq, H.Paşayev hesab edir ki, gələcəkdə mətbuat konfranslarının bərpa edilməsi istisna deyil: "Həmin mətbuat konfransları, onların məqsədi, məramı bu və ya digər formada artıq YAP-ın rəsmi saytında davam etdirilir. Yəni, həmin qurumların rəhbərləri, vəzifəli şəxslər mütəmadi olaraq "yap.org.az" saytında müsahibələr verirlər. Cəmiyəti, eləcə də KİV nümayəndələrini maraqlandıran suallara cavab verirlər. Amma həmin tədbirlərin təşkilinə yenidən ehtiyac duyularsa təbii ki, bu, nəzərə alınacaq. Çünki YAP öz qərarlarını həmişə cəmiyyətdən gələn sifarişlər əsasında formalaşdırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti