...

Siyavuş Novruzov: ATƏT-in danışmağa üzü yoxdur

Siyasət Materials 27 Oktyabr 2015 17:24 (UTC +04:00)
“Həm ATƏT-in özü, həm də digər qurumları həmişə Azərbaycana qeyri-obyektiv yanaşıblar. Onların bugünkü mövqeləri də bizə bəllidir”.
Siyavuş Novruzov: ATƏT-in danışmağa üzü yoxdur

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Həm ATƏT-in özü, həm də digər qurumları həmişə Azərbaycana qeyri-obyektiv yanaşıblar. Onların bugünkü mövqeləri də bizə bəllidir".

Bunu Trend-ə Milli Məclisin deputatı Siyavuş Novruzov ATƏT Parlament Assambleyasının Demokratiya və insan haqları komitəsinin sədri İzabel Santosun parlament seçkiləri öncəsi Azərbaycandakı vəziyyət barədə bəyanatına münasibət bildirərkən deyib.

S.Novruzov bildirib ki, ATƏT və onun qurumları dəfələrlə qeyri-demokratik seçkilər keçirən ölkələr haqqında çox yüksək fikir söyləyiblər, lakin Azərbaycanda keçirilən azad, ədalətli, demokratik seçkilər haqqında mənfi rəy yaratmağa çalışıblar: "O cümlədən, ayrı-ayrı birtərəfli informasiya əsasında və yaxud hər hansı bir qeyri-hökumət təşkilatının yazdığı donosu nöqtəsini, vergülünü dəyişmədən ATƏT-in rəyi kimi təqdim edirlər. İndiki halda da bunların mövqeyi bizə bəllidir".

Millət vəkili vurğulayıb ki, ATƏT öz üzərinə götürdüyü funksiyanı yerinə yetirə bilmir - 20 ildən artıqdır ki, təşkilatın Minsk qrupu Dağlıq Qarabağ münaqişəsini həll etmək funksiyasını üzərinə götürüb: "İndiyə qədər niyə öz funksiyasını yerinə yetirməyib? Bütün bunların arxasında Azərbaycanı istəməyən qüvvələr, erməni lobbisi, Azərbaycanda olan iqtisadi inkişafı, Azərbaycan xalqının prezidentlə birgə olmasını, prezidenti dəstəkləməsini və Azərbaycanın müstəqil siyasət aparmasını, hansısa ölkənin, təşkilatın diqtəsi ilə oturub-durmamasını gözü götürməyən qüvvələr dayanır".

S.Novruzov vurğulayıb ki, ATƏT və onun qurumlarını seçki prosesi və digər məsələlər maraqlandırmır: "Demokratiyadan danışırlar, insan hüquqlarından danışırlar, amma Azərbaycanda 20 ildən artıqdır ki, bütün hüquqları Ermənistan işğalı nəticəsində kobud şəkildə pozulan bir milyondan artıq qaçqın və məcburi köçkün haqqında heç nə demirlər. Yüz minlərlə insanı evsiz-eşiksiz qoyublar, didərgin salıblar - bunlarla məşğul olsunlar. Avropada insanları qarın, şaxtanın altında saxlayb məhv edirlər - bundan danışsınlar, buna münasibət bildirsinlər. Yoxsa hansısa cinayət törədərək həbs olunan bir-iki nəfərin dalınca düşüblər. ATƏT nə zaman bəyanat verdi ki, ərəb ölkəsində Avropanın nə işi var? Niyə dağıdırsınız bu ölkələri? İnsanları niyə qaçqın vəziyyətinə salırsınız, evindən-eşiyindən məhrum edirsiniz? Ona görə də onların danışmağa üzü yoxdur, dedikləri də bizim üçün əhəmiyyətli deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti