...

Elmar Məmmədyarov Sinay sinaqoqunun ravvini ilə görüşüb

Siyasət Materials 2 Noyabr 2015 19:04 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Los Ancelesdə yerləşən Sinay sinaqoqunun ravvini Deyvid Volpenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov Sinay sinaqoqunun ravvini ilə görüşüb

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Los Ancelesdə yerləşən Sinay sinaqoqunun ravvini Deyvid Volpenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə E.Məmmədyarov Azərbaycanda müxtəlif dini konfessiyaların tarixən dinc, yanaşı yaşadığını diqqətə çatdıraraq, yəhudi icmasının əsrlər boyu ölkəmizdə mövcud olduğunu bildirib.

Nazir Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin nümunəvi xarakter daşıdığını deyərək, ölkəmizin milli təcrübə əsasında mədəniyyətlər və dinlərarası dialoqun qlobal səviyyədə təşviqi məqsədilə ardıcıl siyasət yürütdüyünü və mötəbər tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.

E.Məmmədyarov qonaqlara Ermənistan-Azərbaycan münaqişəsi və onun ağır nəticələri haqqında məlumat verərək, Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı yürütdüyü etnik və dini dözümsüzlük, irqi ayrı-seçkilik və etnik nifrət siyasətindən danışıb. Bu siyasətin nəticəsi olaraq, bir milyondan artıq azərbaycanlının Ermənistan ərazisində öz tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində qanlı etnik təmizləməyə məruz qaldığını nəzərə çatdırıb.

O, münaqişənin həlli üçün Ermənistanın Azərbaycana qarşı törətdiyi işğala son qoymalı və Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bir daha vurğulayıb.

Azərbaycana səfərlərindən məmnunluq ifadə edən qonaqlar Bakı ilə yanaşı, Quba şəhərinə və Qırmızı qəsəbəyə səfərləri, orada yerli yəhudi icmasına dövlət səviyyəsində göstərilən qayğı ilə tanış olduqlarını deyərək, Azərbaycanın əldə etdiyi iqtisadi və sosial inkişafın yalnız paytaxt deyil, regionları da əhatə etməsinin canlı şahidi olduqlarını və bunun təqdirəlayiq hal olduğunu qeyd ediblər.

Azərbaycan xalqının yüksək tolerantlıq mədəniyyətini diqqətə çəkərək, dövlət siyasətinin tərkib hissəsi kimi bu ənənələrin daha da inkişaf etdirilməsində Azərbaycan hökumətinin xüsusi rolunu qeyd ediblər.

Görüş əsnasında E.Məmmədyarov qonaqların Azərbaycan-ABŞ əlaqələri, regional və qlobal məsələlər haqqında suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti