...

Millət vəkili: "Hesabatları" əvvəlcədən hazırlanmış şablon cümlələrdən ibarətdir

Siyasət Materials 5 Noyabr 2015 16:43 (UTC +04:00)
Andres Qross Türkiyədə ümumxalq parlament seçkilərini və seçki kampaniyasınını keçirilmə vəziyyətini tənqid edib.
Millət vəkili: "Hesabatları" əvvəlcədən hazırlanmış şablon cümlələrdən ibarətdir

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Andres Qross və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərə kölgə salmaq və "tənqid atəşinə" tutmaq peşələrini davam etdirirlər. Bunu Trend-ə millət vəkili Fuad Muradov AŞ PA-nın üzvü A.Qrossun Türkiyədə parlament seçkilərini tənqid etməsinə, seçki kampaniyasının ədalətsiz şəkildə, güc tətbiqi altında keçirildiyi və jurnalistlərə təzyiqlər edildiyi barədə fikirlərinə münasibət bildirərkən deyib.

F.Muradov hesab edir ki, 1 noyabr 2015-ci ildə Azərbaycanda və Türkiyədə keçirilən seçkilər azad və şəffaf şəraitdə baş tutub: "Çox təəssüf ki, Andres Qross və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərə kölgə salmaq və "tənqid atəşinə" tutmaq peşələrini davam etdirirlər".

Millət vəkili qeyd edib ki, regionla bağlı açıqlamalarında daha çox neqativ istiqamət tutan bu təşkilatlar və onların "demokrat" nümayəndələri məsələləri araşdırmamış "nəticə" çıxarırlar: "Türkiyədə məğlub olan heç bir siyasi partiya seçkilərlə bağlı etiraz bildirməyib və nəticələri tanıyıblar. Lakin Andres Qross və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Türkiyədə keçirilən seçkilərin nəticələrini şübhə altına alaraq "jurnalistlərə təzyiqlərdən", insanları qorxu altında saxlamaqdan danışır. Biz bunu dəfələrlə Azərbaycanla bağlı münasibətdə müşahidə etmişik. Bu qurumları seçki prosesi ümumiyyətlə maraqlandırmır. "Hesabatları" isə əvvəlcədən hazırlanmış şablon cümlələrdən ibarətdir."

Türkiyə ilə bağlı qərəzli mövqe sərgiləməyin səbəblərinə toxunan millət vəkili qeyd edib ki, bu tənqidlərin seçki prosesinə heç bir aidiyyəti yoxdur: "Türkiyə bu gün terrordan əziyyət çəkir və ölkənin müdafiəsi üçün zəruri addımlar atmağa məcburdur. Destruktiv qüvvələr isə əksinə, terror təşkilatlarına dəstək verməklə regionda yeni münaqişə ocaqları yaratmağa çalışırlar. Bunun vasitəsilə öz istəklərini diktə etməyə cəhd göstərirlər".

Seçkiləri yüksək qiymətləndirən F.Muradov bildirib ki, istər Azərbaycanda, istərsə də Türkiyədə insanlar azad və demokratik mühitdə seçkilərə gələrək öz fikirlərini ifadə ediblər: "O ki qaldı bəzi təşkilatların mövqeyinə, burada ikili standartlar hökm sürür. Azərbaycanın 20 faiz ərazisi işğal altındadır və insanların hüquqları kobud şəkildə pozulub. Separatçıları dəstəkləyən fikirləri ilə seçilən Maykl Maknamara isə bir dəfə də olsun, 1 milyondan çox vətəndaşımızın doğulduğu rayon və şəhərlərdə səsvermə hüququndan məhrum olduğunu dilə gətirmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti