Bakı. Elçin Mehdiyev - Trend
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı müraciətlərə baxılıb.
Trend-in məlumatına görə, 90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyasından qeydə alınmış İlqar Vəliyev və bu dairədən deputatlığa namizədliyi qeydə alınmış Qalib Qarayev MSK-ya müraciət edərək həmin seçki dairəsində səsvermənin nəticələrinin ləğv edilməsini xahiş ediblər.
İclasda bildirilib ki, müraciət ekspert qrupu tərəfindən araşdırılıb və müraciətdə qeyd olunan şikayətlər öz əksini tapıb. Buna görə də MSK 90 saylı Ağdaş seçki dairəsində səsvermənin nəticələrini ləğv edib.
Qeyd edək ki, həmin dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı Çingiz Əsədullayevdir.