Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) 23 illiyinə həsr edilən tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbirdə YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov, YAP İcra katibinin müavini Mübariz Qurbanlı və partiya üzvləri iştirak ediblər.
Ə.Əhmədov çıxış edərək bildirib ki, Azərbaycan hazırda regionun lider dövlətidir: "Azərbaycanın beynəlxalq aləmdə mövqeyi xeyli güclənib. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə bir sıra beynəlxalq tədbirlər keçirilib".
Ə.Əhmədov qeyd edib ki, Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, müasirləşməsi ölkəmizin regionda və dünyada mövqelərini ciddi şəkildə möhkəmləndirib: "Bu gün Azərbaycan yaşadığımız bölgənin lider statusunu neçə ildir ki, ardıcıl daşıyır. İnanıram ki, Azərbaycan bu statusu heç zaman əlindən verməyəcək. Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsini sübuta yetirən ciddi misallar gətirmək olar. Bir neçə il əvvəl ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi gənc dövlətin xarici siyasətinin və ümumilikdə dövlətin həyata keçirdiyi siyasətin uğurundan xəbər verir. Azərbaycanın həyatındakı dəyişiklikləri məhdudlaşdırmaq olmaz, davamlı olacaq".
Ə.Əhmədov əlavə edib ki, YAP adındakı yeniləşmə ideyası Azərbaycan çərçivəsindən çıxıb: "Bu ideya yeni cəmiyyət qurma fəlsəfəsini ortaya qoyur. Heydər Əliyevin rəhbərliyi altında yaradılan Yeni Azərbaycan Partiyası öncüllüyünü qoruyur".
Tədbirdə YAP-ın bəzi rayon təşkilatlarının gənclər birliklərinin sədrləri, üzvləri çıxış ediblər. Onlar çıxışlarında YAP-ın tarixindən danışıblar.