...

"FHN-in 10 illiyi (2005-2015)" yubiley medalı təsis edildi (FOTO)

Siyasət Materials 7 Dekabr 2015 19:01 (UTC +04:00)
Bu fərmanla “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti fövqəladə hallar nazirinə verilir.
"FHN-in 10 illiyi (2005-2015)" yubiley medalı təsis edildi (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

Bu fərmanla "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti fövqəladə hallar nazirinə verilir.

Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamədə qeyd olunur ki, "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslər təltif edilirlər.

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)" Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş, diametri 36 mm olan qızılı rəngli dairəvi lövhədən ibarətdir.

Medalın ön tərəfi hamar səthlidir. Mərkəzdən yuxarıda relyefli şüaların fonunda, dəfnə yarpaqlarından hörülmüş çələngin üzərində, yaşıl fonda, müvafiq icra hakimiyyəti orqanının emblemindən ibarət kompozisiya təsvir edilmişdir. Medalın yuxarı qövsü boyunca qızılı rəngdə "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı qövsü boyunca həmin rəngdə "FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ" sözləri yazılmışdır. Medalın mərkəzindən aşağı hissədə Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun lentin üzərində ağ minalı "10 İL" sözləri, medalın sol tərəfində lentdən yuxarı hissədə alt-alta qızılı rəngdə "2005" və "2015" rəqəmləri yazılmış, lentin üzərində sağa istiqamətlənən qızılı rəngdə palıd yarpaqlarının təsviri verilmişdir.

Medalın arxa tərəfinin mərkəzində "AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN 10 İLLİYİ" sözləri və "2005-2015" rəqəmləri milli ornamentlə tamamlanır. Sözlər, rəqəmlər və ornament relyefli və qızılı rəngdədir.

Medalın arxa tərəfində seriyası və nömrəsi göstərilmişdir.

Medal paltara bərkidilmək üçün elementi olan, üst hissəsi 40 mm x 4 mm, alt hissəsi 40 mm x 6,5 mm ölçüdə qızılı rəngli metal lövhədən, orta hissəsi 37 mm x 50 mm ölçüdə xara lentdən ibarət düzbucaqlı lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Alt hissədə olan qızılı rəngli metal lövhənin üzərində milli ornament vardır.

Xara lent, mərkəzdə eni 2 mm olan qırmızı, mərkəzdən kənarlara doğru isə ardıcıllıqla eni 3 mm olan ağ, 12,5 mm olan qırmızı, 2 mm olan göy rəngli şaquli zolaqlara bölünmüşdür. Medalı lövhəyə birləşdirən üç ədəd qızılı rəngli metal halqaların diametri 5 mm-dir. Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti