...

Avstraliyada Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib (FOTO)

Siyasət Materials 27 Fevral 2016 16:33
Avstraliyanın Pert şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.
Avstraliyada Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Avstraliyanın Pert şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən təşkil edilən tədbirdə Pert şəhərinin sakinləri, ictimai xadimlər, millət vəkilləri iştirak ediblər. Həmçinin tədbirdə Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Xanlar Fətiyev və Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, parlament deputatı Lyuk Simpkins iştirak edib.

Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqisəşi, eləcə də Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib.

Çıxış edən L.Simpkins Xocalı faciəsinə hələ də dünyada layiqli hüquqi və siyasi qiymət verilməməsindən təəssüfləndiyini bildirib. O əlavə edib ki, Azərbaycana səfərləri zamanı qaçqın və məcburi köçkünlərlə görüşüb, onların vəziyyəti ilə şəxsən tanış olub.

L.Simpkins, həmçinin Azərbaycanın ən tolerant ölkələrdən biri olduğunu xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən millət vəkili X.Fətiyev də Xocalı soyqırımından bəhs edərək, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikili standartların mövcud olduğunu diqqətə çatdırıb.

O, qeyd edib ki, Azərbaycanın haqlı mövqeyi və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası sayəsində bir çox ölkələr Xocalı faciəsini pisləyib, onu soyqırım kimi tanıyıblar. Bu ölkələr sırasında Çexiya, Rumıniya, Bosniya və Herseqovina, Meksika, Pakistan, Peru, ABŞ-ın 20-dən artıq ştatı və digər ölkələr var.

Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti