...

Azərbaycan və İranın sərhəd qurumları əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər (FOTO)

Siyasət Materials 9 Mart 2016 17:08 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə İran İslam Respublikasının Sərhəd Qoşun­larının komandanı general-mayor Qasım Rezayinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Azərbaycan və İranın sərhəd qurumları əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər (FOTO)

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə İran İslam Respublikasının Sərhəd Qoşun­larının komandanı general-mayor Qasım Rezayinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

DSX-nin mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirib, daha sonra Şəhidlər xiyabanını ziyarət edərək Azər­baycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.

Martın 9-da qonaqlar Dövlət Sərhəd Xidmətinin Aparatında DSX rəisi E.Quliyev tərəfindən qəbul ediliblər. Görüş zamanı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və İran İslam Respublikasının Sərhəd Qoşunları arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi apa­rılıb. Belə ki, tərəflər arasında sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan-İran sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində, habelə Xəzər dənizində qeyri-qanuni fəaliyyətlərə qarşı mübarizə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin, qeyri-leqal miqrasiya və qaçaqmalçılıq fəaliyyətinin, narkotik maddələrin, silah-sursatın qanunsuz daşın­masının qarşısının alınmasının vacibliyi vurğulanıb, qeyd olunan sahələr üzrə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılmasına hazırlıq ifadə edil­ib.

Bununla yanaşı, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Astara (AR) - Astara (İİR) dəmir yolu xəttinin birləşdirilməsi və bundan irəli gələn digər məsələlərin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi üzrə sərhəd qurumları arasında əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər müzakirə edilib.

Görüşdə dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunması, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğu qeyd edilib, həmçinin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmlən­diril­məsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində İran nümayəndələrinə ətraflı məlumat verilib.

Səfər çərçivəsində Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri və bir sıra digər hərbi obyektlərin fəaliyyəti ilə tanışlıq nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti