Bakı. Trend:
"Əgər kimsə öz dinini yaxşı bilmirsə, kənar dinlərin, dindəki mənfi cərəyanların təsiri altına düşə bilər. Ona görə də İslamı yaxşı bilməsək, Qurani-Kərimi, peyğəmbərimizin yolunu yaxşı bilmiriksə, təbii ki, insanın başqa təsirlər altına daha tez düşməsi istisna deyil".
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı hakim partiyanın rəsmi saytına müsahibəsində deyib.
M.Qurbanlı bildirib ki, əgər radikal qrupların yayıldığı coğrafiyaya baxsaq görərik ki, harada islami bilgilər zəifləyibsə, radikallar dini əbaya bürünərək fəallaşıblar:
"Onlar dini siyasiləşdirir və ondan istifadə etməyə cəhd göstərirlər. Ona görə də İslamı olduğu kimi bilmək vacibdir. Əgər kimsə özünü müsəlman hesab edirsə, İslam dinin mahiyyətini öyrənməlidir. İslam dünyasında dindən sui-istifadə hallarına rast gəlirik və qarşıdurmaları da görürük. Müəyyən qüvvələr insanların dini biliyinin aşağı olmasından istifadə edərək onları terrora və digər neqativ yollara cəlb edirlər. Azərbaycanda insanların dini bilikləri zəif ola bilər, amma dünyəvilik, sağlam və savadlı cəmiyyət din faktorundan sui-istifadəyə imkan vermir. Amma bununla belə, insanlar din haqqında ətraflı bilgi əldə etməlidir".