...

Azay Quliyev Kopenhagendə ATƏT PA-nın baş katibi Roberto Montello ilə müzakirələr aparıb

Siyasət Materials 13 May 2016 19:38 (UTC +04:00)

Bakı. Trend:

ATƏT Parlament Assembleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyev qurumun baş katibi Roberto Montella ilə görüşüb.

Bu barədə Trend-ə ATƏT PA-nın Kopenhagendə yerləşən Beynəlxalq katibliyindən məlumat verilib.

Məlumatda deyilir ki, mayın 11-də ATƏT Parlament Assembleyasının Prezidenti İlkka Kanerva ilə görüşən A.Quliyev mayın 12-də isə baş katib R.Montella və Katibliyin əməkdaşları ilə ATƏT regionundakı problemlərin həllində Assembleyanın təsirinin artırılması ilə bağlı müzakirələr aparıb. Həmçinin, 5 iyun 2016-cı ildə keçmiş Yuqaslaviya Respublikasına daxil olan Makedoniyada keçiriləcək parlament seçkilərində ATƏT PA-nın seçki müşahidəsi missiyasının rəhbəri kimi A.Quliyevə Katiblik tərəfindən bu ölkədəki ən son vəziyyətlə bağlı məlumat verilib.

Görüş zamanı həmçinin bu ay Assambleyanın Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsinin Azərbaycana səfərinə hazırlıq və regiondakı hazırki vəziyyət, eləcə də Assambleyanın iyulun əvvəlində Tbilisidə keçiriləcək növbəti illik sessiyasına hazırlıq barədə məsələlər müzakirə olunub.

Qeyd edək ki, A.Quliyev ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsinə ilk dəfə 2013-cü ildə Assembleyanın İstanbulda keçirilən İllik Sessiyasında seçilib. A.Quliyev sonra iki dəfə təkrarən bu vəzifəyə seçilib. A.Quliyev 2005-ci ildən ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvüdür və Assambleyanın Belarus, Gürcüstan, Rumıniya, Rusiya, Serbiya, Böyük Britaniya və Ukraynada seçki müşahidə missiyalarında iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti