Bakı. Trend:
Azərbaycanın hər bir yerində qanunun aliliyi təmin edilməlidir və edilir, hər bir yerdə insanlar rahat yaşamalıdır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakının Nardaran qəsəbəsində sakinlərlə görüşündə deyib.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycanda bütün azadlıqlar təmin edilir. Azərbaycan bu baxımdan çox sürətlə inkişaf edən ölkədir. O cümlədən dini azadlıqlar təmin edilir: "Mən bu yaxınlarda iftar süfrəsində bu məsələlərlə bağlı fikirlərimi bir daha demişəm. Azərbaycanda məscidlər, digər dinlərin məbədləri tikilir, təmir olunur. Biz nadir bir ölkədə yaşayırıq. Bunu biz yaratmışıq. Bütün dinlərin nümayəndələri rahat yaşayırlar və ölkəmizin inkişafına öz töhfələrini verirlər. Ona görə, bütün bu məsələlər kompleks şəkildə öz həllini tapır".
İlham Əliyev bildirib ki, Azərbaycan xalqı və Azərbaycan dövləti öz milli, dini ənənələrinə sadiqdir: "Bizim bu işdə dünya miqyasında oynadığımız rol müsəlman aləmi tərəfindən yüksək qiymətləndirilir. Müsəlman aləmini birləşdirən ən böyük təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. İslam Əməkdaşlıq Təşkilatının, onun rəhbərlərinin Azərbaycanla, Azərbaycanda gedən proseslərlə bağlı fikirləri, - bunlar mətbuatda dərc edilib, - bizdə dini məsələlərə onlar tərəfindən verilən yüksək qiymət ən böyük göstəricidir. Bunu biz demirik, bunu müsəlman aləmini birləşdirən İslam Əməkdaşlıq Təşkilatı deyir. Bu təşkilat həmişə bizi dəstəkləyir, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir".