...

Nazir: Estoniya Azərbaycanın Aİ ilə əlaqələrinin inkişaf etdirilməsini dəstəkləyir

Siyasət Materials 12 Aprel 2017 13:53 (UTC +04:00)
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrin xarici işlər nazirlərinin Varşava toplantısı çərçivəsində Estoniya xarici işlər naziri Sven Mikser ilə görüşüb.
Nazir: Estoniya Azərbaycanın Aİ ilə əlaqələrinin inkişaf etdirilməsini dəstəkləyir

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrin xarici işlər nazirlərinin Varşava toplantısı çərçivəsində Estoniya xarici işlər naziri Sven Mikser ilə görüşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Estoniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub və əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Nazir E.Məmmədyarov bu ilin 7 aprel tarixində Bakıda hökumətlərarası birgə komissiyanın iclasının uğurla keçdiyi və aparılmış müzakirələrin informasiya texnologiyaları, turizm, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığını vurğulayıb.

S.Mikser tezliklə Azərbaycana səfər etmək niyyətində olduğunu qeyd edərək Estoniyanın Avropa İttifaqına (Aİ) sədrliyi haqqında məlumat verib və Estoniyanın Azərbaycanın Aİ ilə əlaqələrinin inkişaf etdirilməsini dəstəklədiyini bildirib.

E.Məmmədyarov Azərbaycan və Aİ arasında strateji tərəfdaşlıq üzrə saziş layihəsi üzrə işin aparıldığını diqqətə çatdırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verən E.Məmmədyarov münaqişənin həlli və regional əməkdaşlıq mühitinin yaradılması üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb. O əlavə edib ki, Aİ tərəfindən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət məsələsində vahid yanaşmanın tətbiq edilməsi vacibdir. E.Məmmədyarov güc tətbiq edərək dövlətlərin sərhədlərinin dəyişdirilməsinin qəbuledilməz olduğunu deyərək bu prinsipə hamılıqla riayət edilməli olduğunu bildirib.

E.Məmmədyarov Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri haqqında məlumat verərək Estoniya şirkətlərinin də bu layihələrin yaratdığı imkanlardan faydalana biləcəyini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti