Bakı. Trend:
"Biz - müsəlman ölkələri öz aramızda olan problemləri dinc yolla həll etməliyik və həmrəyliyi gücləndirməliyik".
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi işinə öz töhfəsini verir:
"Bildiyiniz kimi, bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. İl ərzində ölkəmizdə və digər ölkələrdə bir çox tədbirlər keçirilmişdir. Bu ili “İslam Həmrəyliyi İli” elan etməyimiz bizim siyasətimizi əks etdirir, niyyətimizi göstərir. Mən tam əminəm ki, biz - müsəlman ölkələri öz aramızda olan problemləri dinc yolla həll etməliyik və həmrəyliyi gücləndirməliyik".
İlham Əliyev əlavə edib ki, bu il, eyni zamanda, Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib:
"Təmsil etdiyiniz ölkələrin idmançıları Azərbaycanda bu Oyunlarda iştirak edirdilər. Bir çox qonaqlarımız olmuşdur. Əminəm ki, onlar öz ölkələrinə ən xoş təəssüratlarla qayıdıblar. İslam Həmrəyliyi Oyunları sadəcə idman yarışı deyil. Biz istəyirdik ki, bu Oyunlar İslam aləmini birləşdirsin. İdmançılar, qonaqlar Bakıda olarkən bir ailə kimi yaşayırdılar və əminəm ki, bu günlər ərzində İslam həmrəyliyi ən yüksək zirvəyə qalxmışdır. Biz də çalışmalıyıq ki, bu həmrəyliyi bu yüksək zirvədə saxlayaq. Əminəm ki, belə də olacaq".