Bakı. Trend:
AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz uçurum kənarına qoyulmuşdu.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı vurğulayıb ki, “Əsrin müqaviləsi”nin imzalanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Çünki Azərbaycan 1991-ci ildə müstəqilliyə qovuşanda ağır problemlərlə üzləşmişdi. Xüsusilə, 1992-ci ildə dövlət çevrilişindən sonra hakimiyyəti qanunsuz zəbt etmiş AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz uçurum kənarına qoyulmuşdu. İqtisadi tənəzzül, sənaye potensialının azalması, inflyasiya min faizlərlə ölçülürdü. Ölkəmizdə iqtisadi perspektivlər demək olar ki, yox idi. Siyasi, hərbi, iqtisadi böhran, anarxiya, xaos yaşanırdı. Və laxlayan hakimiyyəti saxlamaq üçün o vaxtkı qanunsuz zəbt edilmiş hakimiyyət silaha əl atdı. Azərbaycanda vətəndaş müharibəsinə başlanıldı, qardaş qanı axıdıldı. AXC-Müsavat hakimiyyəti tərəfindən ölkəmizin ikinci böyük şəhəri Gəncə bombalandı. Azərbaycan böyük faciə ilə üz-üzə qaldı. Bununla paralel olaraq, Ermənistan ölkəmizə qarşı işğalçı siyasət aparırdı və bu siyasət nəticəsində torpaqlarımızın böyük hissəsi işğal altına düşmüşdü".
Münaqişə nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün olduğunu xatırladan İlham Əliyev deyib ki, belə bir ağır vəziyyətdə xalq yeganə düzgün seçim etdi: Heydər Əliyevə müraciət etdi, onu hakimiyyətə dəvət etdi: "Məhz onun prezident vəzifəsinə seçilməsindən sonra 1993-cü ildə vəziyyət tədricən düzəlməyə başladı. İqtisadi, siyasi islahatların aparılmasına başlanılmışdır, bütün qanunsuz silahlı birləşmələr tərksilah edilmişdir, ölkəmiz demokratiya yoluna qədəm qoymuşdur, Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir. Əlbəttə ki, ölkəmizin uğurlu inkişafı üçün sərmayə lazım idi. Çünki o vaxt xəzinə boş idi, inkişaf üçün imkan yox idi. Belə bir vəziyyətdə böyük xarici neft şirkətlərini inandırmaq, onları Azərbaycana cəlb etmək əlbəttə ki, böyük müdriklik, bacarıq, səriştə və siyasi təcrübə tələb edirdi. Heydər Əliyev bu tarixi missiyanı uğurla icra etdi".
Prezident bildirib ki, Azərbaycan o vaxt çox riskli bir yer sayılırdı və belə bir vəziyyətdə 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması, ölkəmizə böyük sərmayənin cəlb edilməsi doğrudan da tarixi nailiyyət idi.