Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA-nın Azərbaycanda səfərdə olan həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda ilə görüşüb.
Trend-in məlumatına görə, S.Seyidov bildirib ki, son vaxtlar ölkəmizə qarşı artan qara piar kampaniyasının əsl məqsədinin Azərbaycanın iqtisadi qüdrətini zəiflətmək, həmçinin işğal olunmuş Dağlıq Qarabağın və ətraf rayonların işğalını legitimləşdirməkdir. Komitə sədri bu fikirlərini təsdiq edən faktları – Avropada fəaliyyət göstərən erməni təşkilatlarının yaydıqları press-relizi AŞPA-nın həmməruzəçilərinə təqdim edib.
Sonra S.Seyidov AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin hazırladıqları məruzəyə dair fikirlərini açıqlayıb. S.Seyidov Avropa Şurasının bir sıra ölkələrə münasibətdə sərt mövqe tutmasının yolverilməz olduğunu bildirib: “Həmin ölkələrin Avropa Şurasından uzaqlaşdırılması Avropa Şurasının özünün dağıdılması deməkdir. Bütün məsələlər müzakirə yolu ilə həll olunmalıdır”.
Görüşdə həmçinin ikitərəfli əlaqələrin genişləndirilməsi, əməkdaşlığın daha da möhkəmləndirilməsi kimi qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.