...

Deputat: Yaxşı olar ki, Uorlikin dedikləri ABŞ Konqresində dinləmələr şəklində aparılsın

Siyasət Materials 19 Oktyabr 2017 17:51 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, səfir Ceyms Uorlikin ABS Senatında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı çıxışı müsbət qiymətləndirilməlidir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ABŞ Senatında Helsinki Komissiyası tərəfindən təşkil edilən brifinqdə ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Ceyms Uorlikin çıxışına münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, Uorlikin bu çıxışı obyektiv yanaşmadır: "Ermənistan tərəfi daim diplomatik danışıqlardan qaçır, beynəlxalq hüquq normalarını pozur. Cenevrə görüşündən sonra Serj Sarkisyanın da sayaqlamalarının şahidi olduq. Amma bütün hallarda Uorlikin çıxışı müsbətdir. Ümid edək ki, bu fikir təkcə sözdə deyil, ABŞ-ın münaqişənin tənzimlənməsi ilə bağlı fəaliyyətində də özünü göstərəcək. Çox yaxşı olar ki, Uorlikin dedikləri ABŞ Konqresində dinləmələr şəklində aparılsın, qətnamə, bəyanat şəkilində qəbul olunsun".

Qeyd edək ki, okyabrın 18-də ABŞ Senatının “Rassel” binasında “Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu” mövzusunda keçirilən brifinqdə 2013-2016-cı illərdə Minsk qrupunun amerikalı həmsədri olmuş səfir Ceyms Uorlik çıxış edib. O bildirib ki, Madrid prinsiplərinə əsaslanan altı elementın sülh sazişinin tərkib hissəsi olmalı və vahid paket kimi qəbul edilməlidir. Birinci element Dağlıq Qarabağa müvəqqəti status verilməsindən ibarətdir. Onun qəti hüquqi statusu gələcəkdə tərəflərin qarşılıqlı razılığı ilə öz iradələrini ifadə etmələri vasitəsilə müəyyən olunacaq. İkinci element nəzarət edilməyən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədləri daxilindəki əraziyə müvəqqəti status verilməsini, bu müddətdə təhlükəsizliyin minimal qarantiyasını və özünüidarəni nəzərdə tutur. Üçüncü element ondan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır. Çünki Azərbaycanın suverenliyinə hörmət edilmədən tənzimləmə mümkün ola bilməz. Dördüncü element Dağlıq Qarabağı Ermənistanla birləşdirən “Laçın dəhlizi”nin mövcud olmasını nəzərdə tutur. Bu dəhliz hərəkət etmək üçün kifayət qədər olmalı, lakin bütün Laçın rayonunu əhatə etməməlidir. Beşinci element məcburi köçkünlərə öz əvvəlki daimi yaşayış yerlərinə qayıtmaq hüququ verilməsindən ibarətdir. Nəhayət, altıncı element təhlükəsizliyə beynəlxalq qarantiyaları, o cümlədən sülhyaratma əməliyyatını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti