Bakı. Samir Əli - Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, bu səfər zamanı keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası iki ölkə arasında dostluq-qardaşlıq münasibətlərini daha da gücləndirəcək.
Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, iclasda imzalanan sənədlər, müzakirə edilən məsələlər Azərbaycan-Türkiyə strateji əməkdaşlığının nə qədər möhkəm olduğunu bir daha sübut edir:
"Siyasi, təhlükəsizlik, iqtisadi cəhətdən bu münasibətlərin yüksələn xətlə inkişaf etməsi gələcəkdə sülhün, əmin-əmanlığın da qorunub saxlanmasına imkan verəcək. Neft və qaz kəmərləri, oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, gələcəkdə istifadəyə veriləcək TANAP və digər layihələrin hamısının mərkəzində Azərbaycan və Türkiyə dayanır. Artıq bu məsələyə Orta Asiya dövlətləri, Avropa cəlb edilir. Amma bu prosesdə aparıcı qüvvə Azərbaycan və Türkiyədir".
Qeyd edək ki, oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib.