...

Deputat: Aİ-nin 24 noyabr tarixli bəyannaməsi milli diplomatiyamızın növbəti uğurudur

Siyasət Materials 27 Noyabr 2017 15:35 (UTC +04:00)
"Bu isə bir daha Ermənistanın Aİ üzvləri tərəfindən işğalçı dövlət kimi tanınması mənasına gələcək".
Deputat: Aİ-nin 24 noyabr tarixli bəyannaməsi milli diplomatiyamızın növbəti uğurudur

Bakı. Elçin Mehdiyev - Trend:

Noyabrın 24-də Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı sammiti başa çatdı və yekun sənəd olaraq bəyannamə qəbul edildi. Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi bir daha dəstəkləndi.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlunun sözlərinə görə, xüsusi vurğulanmalıdır ki, bəyannamədə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə qlobal strategiyasına istinad edilib:

“Bu strategiya isə 2016-cı ildə üzv dövlətlərin ortaq rəyi əsasında formalaşan strategiyadır və çox mühüm əhəmiyyət kəsb edir. 2016-cı ilin 20 iyun tarixində Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini Brüsseldə keçirilən sammitdə strategiyanı rəsmən Avropa İttifaqına üzv dövlətlərin rəhbərlərinə təqdim edərək strategiya ilə bağlı yazdığı müqəddimədə bildirmişdi: "Avropa İttifaqının məqsədi, hətta mövcudluğu şübhə altındadır. Ancaq vətəndaşlarımıza və dünyaya indi əvvəllər olmadığı qədər güclü Avropa İttifaqı lazımdır. Bu, hətta Böyük Britaniyadakı referendumdan sonra da aktualdır. Avropa İttifaqına strategiya lazımdır, bizə ümumi baxış və birgə fəaliyyət lazımdır”. O dövrdə bu fikirlərin səsləndirilməsini zəruri edən beynəlxalq şərtlər var idi. Çünki Böyük Britaniya Avropa İttifaqını artıq tərk etmək üzrə idi və bu hadisə birliyin nəinki genişlənməsini, hətta mövcudluğunu belə təhlükə altında qoyurdu. Artıq elə vəziyyət yaranmışdı ki, Birləşmiş Krallığın başçılığı ilə Millətlər Birliyi, Fransanın rəhbərliyi ilə Frankofoniya Beynəlxalq Təşkilatı, İspaniyanın lider olduğu İbero-Amerikan Dövlətləri Təşkilatı, Portuqaliyanın himayəsində Portuqaldilli Ölkələr Birliyi dünya geosiyasətində fərqli maraqları önə çəkirdi. Beləliklə, Avropa İttifaqının ortaq xarici siyasətinin formalaşdırılıması və uzlaşdırılması müşkül məsələyə çevrilirdi. Çünki Aİ-yə daxil olan ölkələrin hər biri daha çox müstəqil siyasət yeritmək, milli maraqlarını daha çox irəli çəkməklə yeni dünya düzəninin formalaşmasında daha çox söz sahibi olmağa çalışırdılar. Bu isə beynəlxalq hüququn və onun əsas prinsiplərindən biri kimi qəbul edilmiş dövlətlərin ərazi bütövlüyü məsələsində fikir ayrılıqlarına səbəb olurdu. Buna baxmayaraq, nəhayət, 2016-cı ildə Aİ xarici siyasət və təhlükəsizlik üzrə qlobal strategiya müəyyənləşdirə bildi”.

Onun sözlərinə görə, strategiyada qeyd edilir ki, ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və münaqişələrin sülh yolu ilə həlli Avropa təhlükəsizliyinin aparıcı elementləri olacaq, bu prinsiplər həm Aİ daxilində, həm də Aİ sərhədlərindən kənardakı ölkələrə tətbiq ediləcək:

“Strategiyada əksini tapan prinsiplər Azərbaycanın maraqlarına cavab verir və İttifaqla əməkdaşlığımızda başlıca prinsip kimi çıxış edir. Azərbaycan hələ 1996-cı ildən Aİ ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi, daha sonra 2004-cü ildən Avropa qonşuluq siyasəti və nəhayət, 2009-cu ildən Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq etsə də, münasibətlər irəliləyib keyfiyyətcə yeni fazaya daxil olmurdu. Çünki Azərbaycan Aİ tərəfindən ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınmasını tələb edirdi. Nəhayət, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq hüquqa söykənən qətiyyətli mövqeyi sayəsində Aİ-nin 24 noyabr 2017-ci il tarixli bəyannaməsində bu prinsiplər öz əksini tapdı. Hər şeydən öncə bunu milli diplomatiyamızın növbəti uğuru kimi qiymətləndirə bilərik. Eyni zamanda, əminliklə deyə bilərik ki, önümüzdəki aylarda Aİ ilə Azərbaycan arasında imzalanacaq əməkdaşlıq müqaviləsində də artıq bu mühüm məsələ öz əksini tapacaq. Bu isə bir daha Ermənistanın Aİ üzvləri tərəfindən işğalçı dövlət kimi tanınması mənasına gələcək. Beləliklə, Azərbaycan Ai-ni elan etdiyi təhlükəsizlik prinsiplərinə sadiq qalmağa və işğala son qoymaq üçün Ermənistana təzyiq etməyə dəvət edə biləcək”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitində iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti