Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşünün vaxtı açıqlanıb.
Trend-in məlumatına görə, xarici işlər naziri Elmar Məmmədyarov bu gün Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında bildirib ki, görüş dekabrın 6-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
Nazir bildirib ki, dekabrın 4-5-də Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək:
"Dekabrın 6-da isə Vyanada Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri ilə görüş planlaşdırılır".
E.Məmmədyarov deyib ki, substantiv danışıqlar aparılmalıdır: "Moskvada həmsədrlərlə görüşün yekunundan çox razı qaldım. Belə ki, biz ətraflı müzakirələr apardıq. Həmsədrlərlə belə danışıqların davam edəcəyinə ümid edirik".
Qeyd edək ki, bu gün Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Havaca Məhəmməd Asif arasında ilk üçtərəfli görüş Bakıda baş tutub.