Brüssel. Ləman Zeynalova - Trend:
Azərbaycan və Avropa İttifaqı (Aİ) strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqları ilin sonuna başa çatdıra bilərlər.
Trend-in məlumatına görə, bunu Brüsseldə “Şərq Tərəfdaşlığı”nın yeni institusional strukturunun işə salınmasına həsr olunmuş tədbirdə çıxışı zamanı Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
Nazir müavini qeyd edib ki, Azərbaycan və Aİ strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə sektoral danışıqları başa çatdırmağa çox yaxındır:
"Yeni saziş üzrə danışıqlar üç istiqamətdə davam etdirilir – siyasi sektor, ticarət və investisiyalar, eləcə də sektoral danışıqlar".
M.Məmməd-Quliyev bildirib ki, siyasi sektorda tərəflər müəyyən nailiyyət əldə ediblər. Bu istiqamət üzrə danışıqların növbəti mərhələsi aprel ayında Bakıda keçiriləcək:
“Biz sektoral danışıqları başa çatdırmağa çox yaxınıq. Razılaşdırılmalı olan bir neçə məsələ qalır. Ümid edirəm ki, martın 16-da sektoral danışıqlara yekun vuracağıq”.
Ticarət-investisiya sahəsinə gəlincə, M.Məmməd-Quliyev deyib ki, bu sferada bir sıra problemlər var:
“Azərbaycan hələ Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Biz mövcud problemlərin həlli yollarını tapmağa və irəliləyişə nail olmağa çalışırıq”.
Xarici işlər nazirinin müavini ümid etdiyini bildirib ki, 2018-ci ilin sonuna, istənilən halda “Şərq Tərəfdaşlığı”nın növbəti iclasınadək Azərbaycan və Aİ strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqları başa çatdıracaqlar.