...

BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın təşəbbüsü ilə “ASAN Xidmət” təcrübəsinin təşviqinə dair qətnamə qəbul edilib

Siyasət Materials 22 Mart 2018 20:57 (UTC +04:00)
22 mart 2018-ci il tarixində Cenevrədə keçirilən BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib
BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın təşəbbüsü ilə “ASAN Xidmət” təcrübəsinin təşviqinə dair qətnamə qəbul edilib

Bakı. Trend:

22 mart 2018-ci il tarixində Cenevrədə keçirilən BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib. Bu qətnamə dünyanın qlobal inkişaf proqramını müəyyən edən BMT-nin Davamlı İnkişaf Məqsədlərinin 2015-ci ildə qəbul olunmasından bəri BMT-nin İnsan Hüquqları Şurasının çərçivəsində Azərbaycanın təşəbbüsü ilə qəbul edilmiş ilk qətnamədir.

Trend-ə XİN-nin Mətbuat xidmətindən verilən məlumata görə, qətnamənin irəli sürülməsində məqsəd ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərimizdən biri hesab edilən “ASAN Xidmət” konsepsiyasına əsaslanan “dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması” prinsipinin BMT sistemi daxilində təşviq edilməsi olub.

Qəbul edilmiş qətnamədə dövlət xidmətlərinin texnoloji yeniliklər və innovativ yanaşmalar vasitəsilə çatdırılmasının insan hüquqlarının müdafiəsinə verdiyi töhfə vurğulanır və bu sahədə uğurlu modellər təsis etmiş BMT üzv ölkələri öz təcrübələrini digərləri ilə bölüşməyə dəvət edilir.

Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli, səmərəli və vətəndaşların ehtiyaclarına adekvat şəkildə çatdırılmasının insan hüquqlarının müdafiəsində və korrupsiyanın qarşısının alınmasında oynadığı mühüm rolu qeyd edən qətnamə, dövlət xidmətlərinin göstərildiyi əsas mərkəzlərdən uzaqda məskunlaşmış vətəndaşların bu xidmətlərə əlçatanlığının artırılması məqsədilə mobil xidmət mərkəzlərindən və elektron tətbiqlərdən istifadənin əhəmiyyətini vurğulayır.

Qətnamə həmçinin 2015-ci ildə “ASAN Xidmət”in təltif edildiyi “BMT-nin Dövlət Xidmətləri Mükafatı”nı dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın ən nüfuzlu mükafatı olaraq təsbit edir və BMT qurumlarını və digər beynəlxalq təşkilatları müvafiq sahədə mövcud olan uğurlu təcrübələri təşviq etməyə və mükafatlandırmağa davam etməyə çağırır.

Qeyd edək ki, ölkəmiz tərəfindən irəli sürülmüş bu qətnaməyə BMT-nin bütün coğrafi və siyasi qruplaşmalarını təmsil edən 87 dövlət həm-müəllif qismində qoşulmuşdur ki, bu da BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində qəbul edilən digər qətnamələrlə müqayisədə kifayət qədər yüksək göstəricidir. Bu amil “ASAN Xidmət”in təsis edilməsi və genişləndirilməsi də daxil olmaqla ölkəmizdə insan hüquqlarının müdafiəsi və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilməkdə olan islahatlara beynəlxalq insan hüquqları ictimaiyyəti tərəfindən nümayiş etdirilən dəstəyin bariz göstəricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti